Faizlər düşür, risklər artır: lirənin vəziyyəti çətinləşir

Faizlər düşür, risklər artır:

“Citi” Türkiyə lirəsinə dair qısamüddətli müsbət mövqeyini qorusa da, mövcud məzənnə siyasətinin uzun müddət davam etdirilməsinin çətinləşə biləcəyini bildirir.

Monetar.az xəbər verir ki, “Citi”nin inkişaf etməkdə olan bazarlar üzrə strategiya rəhbəri Luis Costa Türkiyə Mərkəzi Bankının bu həftə faiz dərəcəsini 50-100 baza bəndi azaltmasını gözlədiklərini açıqlayıb. Onun fikrincə, son inflyasiya göstəriciləri 100 baza bəndlik endirimi də mümkün edir.

Costa hesab edir ki, Türkiyə lirəsi qısamüddətli dövrdə investorlar üçün cəlbedici qala bilər. Lakin faizlərin azalması yüksək gəlir əldə etmək məqsədilə lirəyə yatırılan vəsaitlərin cəlbediciliyini zəiflədə bilər.

Bank nümayəndəsi yüksək enerji qiymətlərinin Türkiyənin cari əməliyyatlar hesabının kəsirini artıra biləcəyini və bunun lirəyə təzyiq göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı məzənnə siyasəti yaxın aylarda proqnozlaşdırıla bilsə də, 6-9 ay sonrakı dövr üçün qeyri-müəyyənlik qalır.

Costa xüsusilə 2027-ci ilin sonlarına doğru Türkiyənin mövcud məzənnə siyasətini davam etdirib-etdirə bilməyəcəyinin əsas suallardan birinə çevrilə biləcəyini bildirib.