Azərbaycanda intensiv heyvandarlıq təsərrüfatlarının yaradılmasını təşviq etmək məqsədilə yeni subsidiya mexanizmi tətbiq olunacaq. Aqrar Subsidiya Şurasının sentyabrın 7-də təsdiqlədiyi qərara əsasən, südlük, südlük-ətlik və ətlik istiqamətli cins heyvanlar üçün müxtəlif məbləğlərdə dövlət dəstəyi nəzərdə tutulub.
Qərara görə, 2026-cı il oktyabrın 1-dən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1 500 manat, ətlik cins heyvanlara görə isə 1 000 manat subsidiya veriləcək.
Mövcud təsərrüfatlarda cins sağmal heyvanlar üçün 500 manat, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlar üçün 800 manat, mələz sağmal heyvanlar üçün isə 200 manat subsidiya ayrılması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-ın sorğusuna cavabda bildirilib ki, yeni subsidiyalar heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədi daşıyır. Yeni qurulan təsərrüfatlar zoogigiyenik və baytarlıq normalarına cavab verməlidir. Digər tələblər isə nazirliyin hazırladığı reqlament əsasında müəyyənləşdiriləcək.
Heyvanların südlük, südlük-ətlik və ya ətlik istiqamətə aid edilməsi onların cins mənsubiyyəti və müvafiq damazlıq məlumatları əsasında müəyyən olunacaq.
Heyvanların identifikasiyası da subsidiya mexanizminin tətbiqində mühüm rol oynayacaq. Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamına əsasən, ölkədə heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bu iş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
İdentifikasiya nəticəsində əldə edilən məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil ediləcək, daha sonra isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə ötürüləcək. Subsidiya məbləğlərinin fermerlərə nağdsız qaydada, birdəfəlik ödənilməsi nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, yeni mexanizmin tətbiqi intensiv heyvandarlıq təsərrüfatlarının sayının artırılmasına, yüksək məhsuldarlıq potensialına malik cins heyvanların çoxaldılmasına və mövcud heyvanların cins tərkibinin yaxşılaşdırılmasına xidmət edəcək. Bunun nəticəsində süd və ət istehsalının, təsərrüfatların iqtisadi səmərəliliyinin artırılması, idxaldan asılılığın azaldılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi gözlənilir.