Azərbaycanda yaşayış binasının bir kvadratmetrinin tikintisi 409 manata başa gəlir

Azərbaycanda yaşayış binasının bir kvadratmetrinin tikintisi

Azərbaycanda 16 mərtəbəli yaşayış binasının bir kvadratmetrinin tikinti maya dəyəri 409,3 manat hesablanıb. Bütün əlavə xərclər nəzərə alındıqda isə müasir yaşayış kompleksinin tam hazır vəziyyətdə tikintisinin dəyəri təxminən 850 manat/kvadratmetr səviyyəsində qiymətləndirilir.

Monetar.az xəbər verir ki, bu göstəricilər Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı tikinti xərcləri hesabatında yer alıb.

Palatanın hesablaması ümumi sahəsi 10 min kvadratmetr olan 16 mərtəbəli yaşayış binası üzrə aparılıb. Torpaq sahəsinin dəyəri nəzərə alınmadan bir kvadratmetr üçün tikinti maya dəyəri sentyabr ayında 409,3 manat təşkil edib. Bu göstərici avqust ayı ilə müqayisədə dəyişməyib.

Xərclərin strukturuna baxdıqda, materiallar və digər birbaşa xərclər 167,8 manat, əməkhaqqı 94,5 manat, maşın-mexanizmlər üzrə xərclər isə 10,2 manat təşkil edib. Podratçı, developer, layihə və ekspertiza xərcləri də hesablamaya daxil edilib.

Tam hazır yaşayış kompleksinin dəyəri isə əlavə xərclər hesabına 850 manatadək yüksəlir. Bu hesablamaya liftlər, tam mühəndis sistemləri, əlavə vergilər və maliyyələşdirmə xərcləri, kommunal qoşulma haqları, eləcə də torpaq sahəsinin dəyəri daxildir.

Tikinti xərclərinin ümumi səviyyəsi də il ərzində yüksəlib. AQP-nin açıqladığı Tikinti İndeksi 2026-cı ilin sentyabrında 110,2 bənd təşkil edib. Bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə 10,2%-lik artım deməkdir. Avqustla müqayisədə isə indeks sabit qalıb.

Bahalaşmanın əsas hissəsi tikinti materialları ilə bağlıdır. Palatanın hesablamasına görə, indeksdəki ümumi artımın 81%-i materialların payına düşür. Əməkhaqqı və maşın-mexanizmlər üzrə xərclərin təsiri isə nisbətən aşağı olub.

Sentyabr ayının monitorinqində armaturun bir tonunun qiyməti 1 100–1 300 manat, betonun bir kubmetrinin qiyməti 85–105 manat, sementin kisəsi isə 7–9 manat göstərilib. Fəhlələrin günlük əməkhaqqı 50–80 manat, ustaların əməkhaqqı isə 100 manat səviyyəsində qeydə alınıb.

Tikinti maya dəyərinin artması avtomatik olaraq mənzil qiymətlərinin eyni nisbətdə yüksəlməsi demək deyil. Mənzillərin satış qiymətinə ərazinin yerləşməsi, torpaq sahəsinin dəyəri, bazarda tələb və təklif, maliyyələşdirmə şərtləri və tikinti şirkətlərinin qiymət siyasəti də təsir edir.

AQP-nin gözləntisinə görə, payız aylarında tikinti qiymətləri avqust səviyyəsində qala bilər. Lakin material bazarında inflyasiya təzyiqinin güclənməsi xərclərin yenidən artmasına səbəb ola bilər.