Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməyədək olan hissəni əhatə edəcək. Bu səbəbdən 114B, 555 və 557 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z. Tağıyev–Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad) və Yeni Həyat küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə avtobuslar Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Şirvan küçəsi və H.Z. Tağıyev–Sahil avtomobil yolu ilə hərəkət etdikdən sonra mövcud sxem üzrə fəaliyyətini davam etdirəcək.
555 və 557 nömrəli marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti isə H.Z. Tağıyev–Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu ilə həyata keçiriləcək. Əks istiqamətdə avtobuslar Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Şirvan küçəsi və H.Z. Tağıyev–Sahil avtomobil yolu ilə hərəkət edərək mövcud sxemə qayıdacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında müəyyən edilib.