Bu gün dövlət qurumlarının balansında olan 25 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Satışa təqdim olunan avtomobillərin ilkin qiymətləri 500 manatdan 12 min manatadək dəyişir.
Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da keçiriləcək. Avtomobillər arasında müxtəlif illərdə istehsal olunmuş minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri var.
Ən aşağı ilkin qiymət 1992-ci il istehsalı olan QAZ 2410 markalı avtomobil üçün müəyyən edilib. Nəqliyyat vasitəsinin start qiyməti 500 manatdır. Ən yüksək qiymət isə 2014-cü il istehsalı olan Hyundai Equus markalı avtomobilə aiddir. Onun ilkin satış qiyməti 12 min manatdır.
Hərraca çıxarılan avtomobillər arasında 2011-ci il istehsalı Toyota Camry 9 500 manata, 1998-ci il istehsalı Mercedes-Benz S320 10 500 manata, 2010-cu il istehsalı Volkswagen Passat 3 800 manata, 2009-cu il istehsalı Volkswagen Passat 5 250 manata təklif olunur.
Bundan başqa, siyahıda Nissan Maxima, Mitsubishi L300, Chevrolet Niva, Peugeot 406, Chery Flaglоbd, Tofaş Doğan və müxtəlif VAZ, QAZ, UAZ markalı avtomobillər də yer alır.
Hərracda bəzi avtomobillər təkrar satışa çıxarılır. İlk üç nəqliyyat vasitəsi ikinci dəfə, dördüncü və beşinci sətirlərdə göstərilən avtomobillər isə üçüncü dəfə hərraca təqdim edilir.
Qeyd edək ki, avtomobillərlə bağlı cərimə və digər məhdudiyyətlərin həlli balanssaxlayıcı təşkilatların öhdəliyindədir.