Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu səbəbdən 18 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliklər 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutları əhatə edəcək.
Məlumata görə, avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil olunacaq. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
Qeyd edək ki, “Sabah” – “Borussiya” qarşılaşmasının oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlanması nəzərdə tutulub.