“Mercedes-Benz” konserninin yüksək performanslı avtomobillər üzrə ixtisaslaşmış bölməsi Mercedes-AMG tam elektrikli GT SUV modelini təqdim edib. Yeni krossover lüks və yüksək gücə malik elektromobillər seqmentində rəqabəti gücləndirməyə hesablanıb.
Model Almaniya bazarında 113 050 avrodan başlayan qiymətlə satışa çıxarılacaq. Avtomobil üç əsas versiyada təklif olunacaq: GT 53 SUV 536 at gücünə, GT 55 SUV 805 at gücünə, flaqman GT 63 SUV isə üç elektrik mühərriki ilə 1 153 at gücünə malik olacaq.
Yeni krossover AMG bölməsinin xüsusi AMG.EA elektrik platforması və 800 voltluq elektrik arxitekturası əsasında hazırlanıb. Eyni platformanın şirkətin yeni dördqapılı GT Coupé elektrik modelində də istifadə olunması nəzərdə tutulur.
Mercedes-AMG GT SUV ilk növbədə “Porsche” və digər premium avtomobil istehsalçılarının yüksək performanslı elektrik SUV modelləri ilə rəqabət aparacaq. Modelin təqdimatı avtomobil bazarında lüks elektromobillərə marağın və istehsalçılar arasında rəqabətin artdığı dövrə təsadüf edir.
“Mercedes-Benz”in açıqladığı göstəricilərə əsasən, şirkət üçüncü rübdə batareyalı elektromobillərin satışını illik müqayisədə 61% artıraraq 68 400 ədədə çatdırıb. Bu nəticə konsernin elektrikli avtomobillər seqmentində mövqelərini gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
MONETAR.AZ