Dünyanın ən işlək 8 konteyner limanının hamısı Asiyadadır

Dünyanın ən işlək 8 konteyner limanının

2025-ci ildə dünyanın ən işlək konteyner limanı Şanxay olub. Çin limanı il ərzində 55,06 milyon TEU yük dövriyyəsi ilə birinci yeri tutub. İlk səkkiz limanın hamısı Şərqi və ya Cənub-Şərqi Asiyada yerləşir.

Monetar.az xəbər verir ki, Visual Capitalist nəşrinin Lloyd’s List-in 2026-cı il reytinqinə əsaslanan məlumatlarına görə, Şanxay limanı ardıcıl 16-cı ildir dünyanın ən işlək konteyner limanı statusunu qoruyub.

Siyahıda ikinci yeri 44,66 milyon TEU ilə Sinqapur, üçüncü yeri isə 43,87 milyon TEU ilə Çinin Ninbo-Çjouşan limanı tutub. İlk beşliyə, həmçinin Şençjen (35,41 milyon TEU) və Çindao (32,89 milyon TEU) limanları daxil olub.

Çinin altı limanı dünyanın ən işlək səkkiz konteyner limanı arasında yer alıb. Cənubi Koreyanın Pusan limanı 24,88 milyon TEU ilə yeddinci, Çinin Tientsin limanı isə 24,03 milyon TEU ilə səkkizinci olub.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay limanı 15,55 milyon TEU ilə doqquzuncu, Malayziyanın Port-Klanq limanı 15,14 milyon TEU ilə onuncu sırada qərarlaşıb.

Avropanın ən yüksək nəticə göstərən limanı Rotterdam olub. Niderland limanı 14,25 milyon TEU ilə 12-ci yeri tutub. Belçikanın Antverpen-Brügge limanı isə 13,63 milyon TEU ilə 13-cü olub.

Afrikanın aparıcı konteyner mərkəzlərindən sayılan Mərakeşin Tanjer-Med limanı 11,11 milyon TEU ilə 16-cı sırada qərarlaşıb.

ABŞ-ın ən işlək konteyner limanı olan Los-Anceles isə 10,24 milyon TEU göstəricisi ilə dünya reytinqində 18-ci yeri tutub. Los-Anceles və qonşu Lonq-Biç limanları birlikdə 2025-ci ildə ABŞ-ın beynəlxalq dəniz yolu ilə konteyner ticarətinin təxminən üçdə birini təmin edib.

Reytinqdə TEU göstəricisi 20 futluq konteyner ekvivalentini ifadə edir. Göstəricilərə həm yüklü, həm də boş konteynerlər daxildir.

Şanxayın liderliyi Çinin geniş istehsal bazası və daxili nəqliyyat şəbəkəsi ilə əlaqələndirilir. Sinqapur isə əsasən beynəlxalq dəniz marşrutlarının kəsişməsində yerləşməsi və yüklərin bir gəmidən digərinə ötürülməsi üzrə mühüm mərkəz olması ilə seçilir.