Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqini genişləndirir. Nazirliyin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində süni intellekt texnologiyaları əsasında hazırlanmış RDMİS AI adlı virtual dəstək köməkçisi istifadəyə verilib.
Yeni alət dövlət qurumlarının, satınalan təşkilatların, təchizatçıların və digər istifadəçilərin məlumat əldə etməsini asanlaşdırmaq, suallarını operativ cavablandırmaq və elektron müqavilə proseslərini daha rahat həyata keçirmələrinə kömək etmək məqsədi daşıyır.
RDMİS AI vasitəsilə istifadəçilər “e-müqavilə” altsisteminin tətbiq dairəsi, elektron müqavilələrin hüquqi tənzimlənməsi, sistemin funksional imkanları, müqavilələrin rəsmiləşdirilməsi və idarə olunması ilə bağlı suallarına cavab tapa bilərlər. Köməkçi, həmçinin sistemdən istifadə qaydaları və istifadəçi təlimatlarında nəzərdə tutulan əməliyyatlarla bağlı məlumat və izahlar təqdim edir.
Süni intellekt əsaslı dəstək mexanizminin tətbiqinin təkrarlanan müraciətlərin sayını azaltması, texniki və metodoloji dəstək proseslərini optimallaşdırması, eləcə də elektron müqavilə əməliyyatlarının daha operativ və səmərəli aparılmasına şərait yaratması gözlənilir.
Nazirlik RDMİS AI-nin istifadəçi təcrübəsi əsasında davamlı təkmilləşdirilməsini və funksional imkanlarının mərhələli şəkildə genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə sistemə daxil olan sorğuların, istifadə nəticələrinin və rəylərin mütəmadi təhlili aparılacaq, istifadəçilərin ehtiyaclarına uyğun yeni imkanların yaradılması planlaşdırılır.
Yenilik dövlət maliyyəsinin idarə edilməsində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və istifadəçiyönümlü rəqəmsal maliyyə ekosisteminin formalaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir.