Windows 11-də 30 ildən çox əvvəl hazırlanmış kod aşkarlanıb

Windows 11-də 30 ildən çox əvvəl hazırlanmış

Windows 11 əməliyyat sistemində, o cümlədən 26H2 yenilənmələri ilə bağlı materiallarda, 30 ildən çox əvvəl hazırlanmış Windows 95 dövrünün yaddaş idarəetmə mexanizmlərinin izlərinin qorunması diqqət çəkib. Almaniyanın t3n və PC Games Hardware nəşrlərinin məlumatlarına əsasən, bu, Microsoft-un köhnə proqramların yeni əməliyyat sistemlərində işləməsini təmin edən geriyə uyğunluq siyasətinin nümunəsidir.

Söhbət EmulateHeap adlı xüsusi uyğunluq mexanizmindən gedir. Bu mexanizm bəzi köhnə proqramların yaddaşla işləyərkən yol verdiyi xətaların qarşısını almaq və onların müasir Windows versiyalarında fəaliyyətini davam etdirmək üçün nəzərdə tutulub.

1990-cı illərdə hazırlanmış bəzi tətbiqlər operativ yaddaşdan istifadə zamanı problemlərə yol verirdi. Məsələn, proqram artıq boşaldılmış yaddaş sahəsinə yenidən müraciət edə bilirdi. Köhnə Windows versiyalarında işləyən belə proqramlar sonrakı sistemlərə keçid zamanı sıradan çıxa bilirdi.

Microsoft mühəndisləri bu cür problemləri həll etmək üçün hər proqram üçün ayrıca düzəliş hazırlamaq əvəzinə, Windows 95-in yaddaş idarəetmə mexanizmlərini təqlid edən uyğunluq həllindən istifadə ediblər. Bu yanaşma köhnə proqramların davranışını nəzərə alaraq onların işləməsini təmin etməyə imkan verir.

EmulateHeap mexanizminin mövcudluğu Windows 95-in Windows 11 daxilində ayrıca əməliyyat sistemi kimi işləməsi demək deyil. Uyğunluq düzəlişləri konkret proqramların işə salınması zamanı tətbiq oluna və həmin proqramların yaddaş əməliyyatlarının emalına təsir göstərə bilər.

Windows-un texnoloji tarixində maraq doğuran digər məqamlardan biri də “Ölümün göy ekranı” (Blue Screen of Death — BSOD) kimi tanınan sistem xətası ekranıdır. Onun görünüşü əməliyyat sisteminin müxtəlif versiyalarında dəyişsə də, göy rəng uzun müddət Windows-un əsas vizual simvollarından biri olaraq qalıb.

Windows-un əvvəlki versiyalarında mətn əsaslı olan xəta ekranı sonrakı illərdə daha qrafik görünüş alıb. Windows 8 və Windows 10-da kədərli smaylikdən istifadə edilib, Windows 11-in bəzi versiyalarında isə qara ekran variantı da tətbiq olunub.

Microsoft-un köhnə proqramlarla uyğunluğu qorumağa çalışması xüsusilə uzunömürlü proqram təminatından istifadə edən şirkətlər üçün əhəmiyyətlidir. Banklar, sənaye müəssisələri və logistika şirkətləri illər əvvəl hazırlanmış proqramlardan istifadəni davam etdirə bilirlər. Belə sistemlərin yeni əməliyyat mühitində işləməsi proqram təminatının tam dəyişdirilməsi və bununla bağlı xərclərin azaldılmasına kömək edə bilər.

EmulateHeap kimi mexanizmlər proqram təminatında geriyə uyğunluğun yalnız texniki xüsusiyyət deyil, həm də biznes baxımından vacib amil olduğunu göstərir. Köhnə tətbiqlərin işlək saxlanılması şirkətlərə mövcud sistemlərdən daha uzun müddət yararlanmaq və rəqəmsal yenilənməni mərhələli şəkildə həyata keçirmək imkanı verir.

MONETAR.AZ