Süni intellekt farmaseptik tədqiqatlarda laboratoriya avadanlıqlarına tələbatı artırır

Süni intellekt farmaseptik tədqiqatlarda laboratoriya avadanlıqlarına

“Bernstein” investisiya şirkətinin oktyabrın 16-da dərc etdiyi analitik hesabatda süni intellektin (Sİ) farmasevtika tədqiqatlarının strukturunu dəyişdirdiyi bildirilir. Hesabata görə, Sİ modelləri yeni dərman namizədlərinin aşkarlanmasını sürətləndirsə də, onların laboratoriya şəraitində yoxlanılması üçün eksperimental məlumatlara və xüsusi avadanlıqlara tələbatı artırır. Bu tendensiya laboratoriya avadanlıqları və reagent istehsalçıları üçün yeni biznes imkanları yaradır.

Təhlil avtomatlaşdırılmış laboratoriya xidmətləri göstərən “Arctoris” şirkətinin həmtəsisçisi və keçmiş baş direktoru Tom Fleminqin iştirakı ilə keçirilən vebinarın nəticələrinə əsaslanır. Məlumata görə, süni intellekt modellərinin hazırlanması üçün keyfiyyətli eksperimental məlumatlara ehtiyac artıq yalnız vençur kapitalı ilə maliyyələşən startaplarla məhdudlaşmır. Böyük beynəlxalq farmasevtika şirkətləri də bu məlumatların əsas sifarişçiləri sırasına daxil olublar.

Hesabatda qeyd olunur ki, bəzi tədqiqat istiqamətlərində eksperimental məlumatlara tələbat 10–100 dəfədən çox artıb. Bununla belə, məlumat vahidinin maya dəyərinin azalması ümumi həcmdəki artımın şirkətlərin gəlirlərinə təsirini qismən zəiflədə bilər.

Süni intellektin laboratoriya işlərinə təsiri yalnız sınaqların avtomatlaşdırılması ilə məhdudlaşmır. Sİ modelləri ilkin mərhələdə bəzi rutin eksperimentlərə ehtiyacı azalda bilsə də, onların müəyyən etdiyi çoxsaylı molekul və zülal namizədlərinin real şəraitdə yoxlanılması genişmiqyaslı fiziki sınaqlar tələb edir. Bu isə reagentlərə və yüksək dəqiqlikli laboratoriya avadanlıqlarına tələbatı artırır.

Bu prosesdən faydalana biləcək şirkətlər arasında “Revvity”, “10x Genomics” və “Illumina” xüsusi qeyd olunur.

“Revvity” şirkətinin yüksək məzmunlu təsvirləmə texnologiyasına əsaslanan Opera Phenix platforması artan tələbatdan faydalanan həllər sırasındadır. Hesabata əsasən, “Arctoris” genişlənən ehtiyaclarını qarşılamaq üçün bu sistemdən əlavə qurğular alıb.

“10x Genomics” hüceyrə səviyyəsində detallı məlumatlar əldə etməyə imkan verən texnologiyaları ilə bazarda mövqelərini gücləndirə bilər. “Illumina” isə DNT və RNT sekvenləşdirilməsi həcmlərinin artımından faydalana bilər. Bununla yanaşı, sekvenləşdirmə xidmətlərinin qiymətinin aşağı düşməsi şirkətin gəlir artımını məhdudlaşdıra bilər.

Tom Fleminqin qiymətləndirməsinə görə, süni intellektin farmasevtika sahəsinə uzunmüddətli töhfəsi yalnız yeni dərman namizədlərinin sayının artırılması ilə ölçülməyəcək. Əsas nəticələrdən biri klinik sınaqların uğur ehtimalının yüksəldilməsi ola bilər.

Bununla belə, dərmanların klinik sınaqları uzun müddət tələb edir və uğursuzluq riski yüksək olaraq qalır. Buna görə də süni intellektin dərmanların hazırlanması və klinik sınaqların nəticələrinə real təsirini tam qiymətləndirmək üçün daha uzun müşahidə dövrünə ehtiyac var.

Süni intellekt farmasevtik tədqiqatlarda qabaqcıl laboratoriya avadanlıqlarına və mürəkkəb eksperimental məlumatlara tələbatı artırır. Eyni zamanda, standart məlumat xidmətlərində qiymət rəqabətinin güclənməsi bu sahədə fəaliyyət göstərən şirkətlərin gəlirliliyinə fərqli təsir göstərə bilər.

MONETAR.AZ