Yeni dələduzluq dalğası: dövlət qurumlarının adından QR kodlu saxta məktublar göndərilir

Yeni dələduzluq dalğası: dövlət qurumlarının adından QR kodlu

Kiberdələduzlar dövlət qurumlarının adından göndərilən saxta elektron məktublar vasitəsilə istifadəçilərin bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar. Kaspersky şirkəti QR kodlar vasitəsilə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdarlıq edib.

Monetar.az xəbər verir ki, Kaspersky mütəxəssisləri şirkətlərin korporativ elektron poçt ünvanlarına göndərilən saxta məktubların yeni dalğasını aşkarlayıblar. Məktublarda alıcılara guya rəsmi qurumlar tərəfindən göndərilmiş sənədləri izləmək və ya əldə etmək üçün QR kodu skan etmək təklif olunur. Daha sonra istifadəçidən sənədlərin çatdırılması bəhanəsi ilə kiçik məbləğdə ödəniş etməsi tələb edilir.

Mütəxəssislərin fikrincə, bu dələduzluq sxemi QR kodların işgüzar və rəsmi yazışmalarda istifadə olunduğu müxtəlif ölkələrdə tətbiq edilə bilər.

Dələduzluq sxemi necə işləyir?

Hücum zamanı şirkət əməkdaşına özünü dövlət qurumunun və ya digər rəsmi təşkilatın nümayəndəsi kimi təqdim edən şəxsdən elektron məktub göndərilir. Məktubda, məsələn, müəssisədə yoxlama aparılacağı və müəyyən məlumatların təqdim edilməli olduğu bildirilir.

Alıcıya yoxlama ilə bağlı təfərrüatların və məsul şəxsin əlaqə məlumatlarının xüsusi çatdırılma ilə göndərildiyi iddia edilən sənədlərdə yer aldığı deyilir. Həmin sənədləri əldə etmək üçün isə QR kodu skan etmək tələb olunur. Kod elektron məktubun daxilində şəkil kimi yerləşdirilə və ya əlavə edilmiş PDF faylında təqdim edilə bilər.

QR kod skan edildikdən sonra istifadəçi poçt göndərişlərinin izlənməsi xidmətini təqlid edən saxta veb-sayta yönləndirilir. Saytda sənədlərin alınması üçün kiçik məbləğdə ödəniş etmək tələb olunur.

Ödəniş səhifəsində istifadəçidən bank kartının nömrəsi, son istifadə tarixi, CVC kodu, telefon nömrəsi və kart sahibinin adı istənilir. Beləliklə, kiberdələduzlar həm ödəniş etməyə çalışan şəxsin pulunu, həm də onun həssas maliyyə məlumatlarını ələ keçirə bilərlər.

Hücumçular rəsmi yazışmaları təqlid edirlər

Kaspersky-nin baş spam analitiki Anna Lazariçevanın sözlərinə görə, şirkət yaz aylarında da oxşar kampaniyalar barədə məlumat verib, hazırda isə bu cür hücumların yeni dalğası müşahidə olunur.

O bildirib ki, dələduzlar rəsmi qurumların elektron poçt ünvanlarına bənzəyən domenlərdən istifadə edir, rəsmi yazışma üslubunu təqlid edir və saxta sənədlər hazırlayırlar. Bu üsullar mürəkkəb kibercinayət kampaniyalarını xatırlatsa da, əsas məqsəd istifadəçini kiçik məbləğdə ödəniş etməyə inandırmaq və onun bank kartı məlumatlarını əldə etməkdir.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov isə bildirib ki, QR kodların biznes və rəsmi yazışmalarda geniş yayılması bu cür dələduzluq sxemlərinin müxtəlif ölkələrdə tətbiqi riskini artırır.

Onun sözlərinə görə, QR kodun elektron məktubda yerləşdirilməsi keçidin təhlükəsiz olduğuna zəmanət vermir. Xüsusilə gözlənilmədən göndərilən, keçidə daxil olmağı, QR kodu skan etməyi və ya ödəniş etməyi tələb edən məktublara qarşı diqqətli olmaq lazımdır.

Bank kartı məlumatlarını necə qorumaq olar?

Kaspersky mütəxəssisləri istifadəçilərə aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:

  • Göndərənin ünvanını yoxlayın. Elektron poçt ünvanının və domenin rəsmi quruma məxsus olduğuna əmin olun.
  • Məlumatı rəsmi kanallarla təsdiqləyin. Şübhəli məktub aldıqda, həmin qurumla onun rəsmi internet saytı və ya məlum əlaqə vasitələri üzərindən əlaqə saxlayın.
  • QR kodlara ehtiyatla yanaşın. Gözlənilməz məktublardakı kodları skan etməklə açılan səhifələrə bank kartı məlumatlarınızı daxil etməyin.
  • Şübhəli ödənişlərdən çəkinin. Sənədin və ya bağlamanın əldə edilməsi üçün tələb olunan kiçik məbləğ belə dələduzluq vasitəsi ola bilər.
  • Elektron poçtun təhlükəsizliyini gücləndirin. QR kodları təhlil edən və fişinq saytlarını aşkarlayan təhlükəsizlik həllərindən istifadə edin.

Mütəxəssislər vurğulayırlar ki, QR kodlar məlumat əldə etmək üçün rahat vasitə olsa da, onların arxasında gizlənən keçidlər də təhlükəli ola bilər. Buna görə də rəsmi qurumların adından gələn məktublara kor-koranə etibar etmək əvəzinə, onların həqiqiliyini yoxlamaq vacibdir.