Elmə inam 5 ildə 8 faiz bəndi azalıb

Elmə inam 5 ildə
2025-ci ildə elmə ən çox güvənən ölkələrin reytinqində İspaniya 67,9%-lə birinci, Finlandiya 65,9%-lə ikinci, Özbəkistan isə 63,8%-lə üçüncü yeri tutub. Tacikistan 60,7%-lə dördüncü olub. ABŞ 52,5%-lə 13-cü, Böyük Britaniya isə 51,2%-lə 14-cü yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki,  “Wellcome Global Monitor 2026”-ın araşdırmasına  görə, 2025-ci ildə 140 ölkədə 140 mindən çox insan arasında sorğu keçirilib.

Sorğuda iştirak edən 15 yaş və yuxarı şəxslərdən elmə nə dərəcədə güvəndikləri soruşulub. Reytinqdə elmi biliyə və araşdırmalara “çox güvəndiyini” bildirən respondentlərin payı əsas götürülüb.

Elmə ən çox güvənən 16 ölkənin 12-si Avropadadır

Reytinqdə Finlandiya 65,9%-lə ikinci, Almaniya 59,7%-lə beşinci, Belçika 59,3%-lə altıncı, Norveç isə 58,6%-lə yeddinci yerdə qərarlaşıb.

Kanada 54,3%-lə səkkizinci, İslandiya 53,8%-lə doqquzuncu, İsveç 53,5%-lə onuncu olub.

İlk 20-likdə Danimarka, Avstriya, Fransa, Avstraliya və İsveçrə kimi ölkələr də yer alıb. ABŞ 52,5%, Böyük Britaniya 51,2%, Fransa isə 50,2% göstərici ilə siyahıda qərarlaşıb.

Elmə inam ölkələrin inkişaf səviyyəsi ilə həmişə üst-üstə düşmür

Araşdırmada diqqət çəkən məqamlardan biri Özbəkistan və Tacikistanın yüksək nəticələr göstərməsidir. Bu ölkələr elmə güvən səviyyəsinə görə ABŞ, Böyük Britaniya və Fransanı qabaqlayıb.

Araşdırma müəllifləri elmə inamla elmi savadlılıq arasında bütün ölkələr üçün keçərli olan aydın əlaqə müəyyən etməyiblər. Bu nəticə göstərir ki, insanların elmə münasibətini yalnız təhsil səviyyəsi və iqtisadi inkişafla izah etmək mümkün deyil.

Dini inanclar da elmə münasibəti təkbaşına müəyyən etmir. Məsələn, müsəlman əhalinin üstünlük təşkil etdiyi Özbəkistan və Tacikistan reytinqdə yüksək yerlərdə olduğu halda, Pakistanda elmə “çox güvəndiyini” bildirənlərin payı 9,3% təşkil edib.

Dünyada elmə inam azalıb

Araşdırmaya görə, 2025-ci ildə dünyada respondentlərin 72%-i elmə müəyyən qədər və ya çox güvəndiyini bildirib. 2020-ci ildə bu göstərici 80% olub. Beləliklə, 5 il ərzində elmə inam səviyyəsi 8 faiz bəndi azalıb. Bu tendensiyaya təsir göstərə bilən amillər arasında dezinformasiya, institutlara etimad, sosial bərabərsizlik və siyasi qütbləşmə qeyd olunur.