Səyahət sığortası nə vaxt alınır? 3 min nəfərin cavabı

Səyahət sığortası nə vaxt alınır?

Səyahətçilərin böyük hissəsi səfər sığortasını bilet və ya tur sifariş edərkən alır. Bəziləri isə sığorta məsələsini səfərə bir neçə həftə qalmış həll edir.

Monetar.az xəbər verir ki, “Amadeus” şirkətinin 2025-ci ilin IV rübündə dünya üzrə 3000 səyahətçi arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, iştirakçıların 43%-i səyahət sığortasını sifariş prosesi zamanı əldə etdiyini bildirib.

Sorğu iştirakçılarının 29%-i sığortanı səfərə bir neçə həftə qalmış aldığını qeyd edib. Səyahətə az qalmış sığorta alanların payı 8%, son anda bildiriş və ya xatırlatma əsasında sığorta alanların payı isə cəmi 4% təşkil edib.

Beləliklə, sorğuda göstərilən bu dörd cavab ümumilikdə iştirakçıların 84%-ni əhatə edir. Qalan 16%-in sığortanı başqa vaxtda alıb-almadığı və ya ümumiyyətlə sığortadan istifadə edib-etmədiyi barədə məlumat açıqlanmayıb.

Nəticələr göstərir ki, səyahət sığortasının alınması üçün ən əlverişli məqam bilet və ya tur sifarişi mərhələsidir. Bu səbəbdən sığorta təkliflərinin sifariş prosesinə daxil edilməsi səyahət şirkətləri üçün potensial müştərilərə çatmağın mühüm üsulu hesab olunur.