Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin makroiqtisadi vəziyyəti, xüsusilə də inflyasiya dinamikası ilə bağlı yenilənmiş proqnoz və təhlillərini açıqlayıb. Təhlilə görə baza ssenarisi 2025-ci ilin sonu və 2026-cı il üçün illik inflyasiyanın hədəf diapazonunda qalacağını təsdiqləyir. Ən son meyillərin təhlili isə növbəti ildə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
AMB-nin təhlili inflyasiya riskləri balansında müsbət dəyişikliklərin olduğunu və artırıcı risklərin nisbətən səngidiyini vurğulayır.
Bununla belə, qlobal iqtisadi mühitdəki qeyri-müəyyənliklər və əsas xarici risklər diqqət mərkəzində qalır. Geosiyasi gərginliklərin davam etməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır.
Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması həm əsas ticarət tərəfdaşlarında inflyasiya proseslərinin dinamikasından, həm də manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq.
Daxili risk faktorları əsasən təklif – xərc amilləri hesabına formalaşsa da, məcmu tələb tərəfindən gələn təzyiqlərin azalması inflyasiya ilə mübarizədə AMB-nin işini yüngülləşdirir
2026-cı ilə dair dövlət büdcəsinin ilkin parametrlərinin məhdudlaşdırıcı olması gözlənilir, bu da məcmu tələbin izafi artımı riskini azaldır.
Kredit qoyuluşlarının illik artım tempinin səngiməsi pul kütləsi üzərindəki təzyiqi azaldaraq pul-kredit şəraitinin möhkəmləndirilməsinə töhfə verir.
Mərkəzi Bankın proqnozu ölkədə iqtisadi sabitliyin və qiymət dayanıqlığının qorunub saxlanılması istiqamətində siyasətlərin effektivliyini təsdiqləyir. Təklif-xərc amillərindən irəli gələn risklərin idarə olunması isə növbəti dövrün əsas prioritetlərindən biri olaraq qalacaq.
MONETAR.AZ