Qlobal borc rekord həddə çatdı

Qlobal borc rekord

Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını yayımlayıb. Hesabata görə, bu ilin ilk üç rübündə dünya üzrə ümumi borc 26,4 trilyon dollardan çox artıb.

Üçüncü rübün sonunda qlobal borcun həcmi təxminən 346 trilyon dollara çataraq yeni rekord müəyyən edib. Ötən ilin eyni dövründə bu göstərici 327,5 trilyon dollar idi. Ümumi borcun qlobal ümumi daxili məhsula (ÜDM) nisbəti isə 310 faiz səviyyəsinə yüksəlib.

Həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan bazarlarda borclanmanın artması fonunda yeni rekorda nail olunub. Ümumi borcun böyük hissəsi ABŞ və Çində cəmləşsə də, artım əsasən inkişaf etmiş iqtisadiyyatlarda qeydə alınıb. Bu ölkələrdə borc 230,6 trilyon dollara, inkişaf etməkdə olan ölkələrdə isə 115,1 trilyon dollara çatıb.

ABŞ-la yanaşı Fransa, Almaniya və Böyük Britaniyada da borclanma əhəmiyyətli dərəcədə artıb. İnkişaf etməkdə olan iqtisadiyyatlarda isə Çin’i Braziliya, Rusiya, Polşa və Meksika izləyib.

Borc artımı əsasən dövlət sektorunda müşahidə olunur

Hesabata əsasən, bu ilin üçüncü rübündə:
– Əhali borcu 64 trilyon dollara,
– Qeyri-maliyyə şirkətlərinin borcu 99,3 trilyon dollara,
– Dövlət borcu 105,8 trilyon dollara,
– Maliyyə qurumlarının borcu isə 76,6 trilyon dollara yüksəlib.

ÜDM-ə nisbətdə əhali borcu 57,3 faizə, qeyri-maliyyə şirkətləri borcu 88,5 faizə, maliyyə sektoru borcu isə 69,3 faizə geriləyib. Dövlət borcunun ÜDM-ə nisbəti isə 93,4 faizdən 95,4 faizə yüksələrək əsas artımın məhz dövlət sektorunda toplandığını göstərib.

Qlobal borcu ən çox artıran ölkələr arasında Çin və ABŞ ilk sıralarda yer alır. Onları Fransa, İtaliya və Braziliya izləyir.

Monetar.az