Meyvə-tərəvəz şirələrinin istehsalı 5 ildə 20 faizə yaxın artıb

Meyvə-tərəvəz şirələrinin istehsalı 5 ildə

Azərbaycanda meyvə və tərəvəz şirələrinin istehsalı son 5 ildə artım nümayiş etdirib. 2025-ci ildə ölkədə 47 302 ton belə məhsul istehsal olunub ki, bu da 2020-ci ilin göstəricisindən 19,8% çoxdur.

Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə istinadən xəbər verir ki, 2020-ci ildə meyvə və tərəvəz şirələrinin istehsalı 39 491 ton təşkil edib.

Eyni dövrdə məhsulların idxalında da artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 2 634 ton olan idxalın həcmi 2025-ci ildə 3 673 tona yüksəlib.

Məlumata əsasən, əhalinin şəxsi istehlak fondu 2020-ci ildəki 26 564 tondan 2025-ci ildə 35 694 tona çatıb. Bu, beş il ərzində 34,4% artım deməkdir.

Meyvə və tərəvəz şirələrinin ixracı da yüksəlib. 2020-ci ildə 11 856 ton olan ixrac həcmi 2025-ci ildə 13 922 ton təşkil edib.

Son 5 ildə istehsal, idxal, ixrac və şəxsi istehlak fondu üzrə artım qeydə alınıb. Bununla yanaşı, istehlak fondunun 34,4%-lik artım tempi istehsalın 19,8%-lik artımını üstələyib.