Azərbaycan banklarının qazancı 1 milyarda yaxınlaşdı

Azərbaycan banklarının qazancı

Azərbaycanda fəaliyyət göstərən banklar 2026-cı ilin yanvar-avqust aylarında 949,7 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bankların cari ilin ilk 8 ayında əməliyyat mənfəəti 1 milyard 487,7 milyon manat təşkil edib.

Hesabat dövründə banklar tərəfindən dövlət büdcəsinə ümumilikdə 245,8 milyon manat mənfəət vergisi ödənilib.

Avqustun 31-nə bank sektorunun cəmi aktivləri 62 milyard 475,9 milyon manat, öhdəlikləri 54 milyard 722,7 milyon manat, balans kapitalı isə 7 milyard 753,2 milyon manat olub.

Bankların kredit portfeli də ilin əvvəlindən artım göstərib. Yanvar-avqust aylarında kredit portfeli 9,2% və ya 2 milyard 761,2 milyon manat artaraq 32 milyard 824,2 milyon manata yüksəlib.