Banklardakı depozitlər 42 milyard manata yaxınlaşıb

Banklardakı depozitlər
Azərbaycanda bankların depozit portfeli 2026-cı il avqustun 31-nə 41 milyard 792,5 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, depozitlər bankların ümumi öhdəliklərinin 76,4%-ni təşkil edib.

Depozit portfelinin 23 milyard 981,6 milyon manatı və ya 57,4%-i hüquqi şəxslərin, 17 milyard 810,9 milyon manatı və ya 42,6%-i isə fiziki şəxslərin depozitlərindən formalaşıb.

Fiziki şəxslərin əmanətlərinin 12 milyard 684,6 milyon manatı milli valyutada, 5 milyard 126,3 milyon manatı isə xarici valyutada olub.

Fiziki şəxslərin əmanət portfelində müddətli əmanətlərin həcmi 11 milyard 520,7 milyon manat təşkil edib. Avqust ayında bu göstərici 178,5 milyon manat və ya 1,6% artıb.

Bank sektorunda unikal müddətli əmanətçilərin sayı da artıb. Avqust ayında onların sayı 2 692 nəfər, ilin əvvəlindən isə 31 922 nəfər artaraq 226,1 min nəfərə çatıb.