Banklar tərəfindən müştərilərə verilən ödəniş kartlarının sayına risklərin idarə olunması məqsədilə yeni yanaşma tətbiq edilir. Bu yanaşma bütün kartların məhdudlaşdırılması anlamına gəlmir və müəyyən hallarda müştərilərə əlavə kartların verilməsi mümkün olacaq.
Monetar.az xəbər verir ki, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesabına bağlı kartlar və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisna edilir.
Digər hallarda isə əsas prinsip ondan ibarətdir ki, müştəriyə hər bir bankda eyni məhsul üzrə bir ödəniş kartı təqdim edilsin.
Lakin bu, müştərinin eyni məhsul üzrə ikinci və ya daha çox kart əldə edə bilməyəcəyi demək deyil. Müştəri əlavə karta nə üçün ehtiyac duyduğunu banka əsaslı şəkildə izah edərsə, bank əlavə kart təqdim edə bilər.
Bunun üçün kartdan istifadə məqsədinin aydın olması, müştərinin həyata keçirdiyi əməliyyatların bankda onun haqqında mövcud məlumatlarla uyğun gəlməsi və kartın qanunsuz məqsədlər üçün istifadə edilmədiyinə dair əsasların olması nəzərə alınacaq.
ABA bildirir ki, yanaşmanın məqsədi vətəndaşların bank kartlarından istifadə imkanlarını məhdudlaşdırmaq deyil. Əsas məqsəd bankların riskləri daha effektiv idarə etməsi, ödənişlərin təhlükəsizliyinin artırılması və daha dayanıqlı ödəniş sisteminin formalaşdırılmasıdır.
Beləliklə, sosial ödəniş, əməkhaqqı, sahibkarlıq və depozit hesablarına bağlı kartlar üzrə xüsusi istisnalar qüvvədə qalır. Digər kartlarda isə əlavə kart almaq ehtiyacı yarandıqda bunun səbəbinin banka izah edilməsi kifayət edə bilər.