FED: Amerikalılar üçün əsas narahatlıq inflyasiyadır

FED: Amerikalılar üçün əsas

ABŞ Federal Ehtiyat Sistemi tərəfindən yayımlanan 2025-ci il üzrə “ABŞ Ev Təsərrüfatlarının İqtisadi Rifahı” hesabatında bildirilib ki, qiymət artımları ABŞ vətəndaşları üçün ən geniş yayılmış maliyyə narahatlığı olaraq qalır.

Hesabat FED-in İdarə Heyəti tərəfindən hazırlanıb və 2025-ci ilin oktyabr ayında keçirilmiş “Ev Təsərrüfatlarının İqtisadiyyatı və Qərarvermə Sorğusu”nun nəticələrinə əsaslanır.

Sənəddə qeyd olunub ki, maliyyə rifahı göstəriciləri pandemiyadan əvvəlki dövrlə müqayisədə daha aşağı səviyyədə qalsa da, ümumi vəziyyət sabit olaraq qiymətləndirilir.

FED-in məlumatına görə, əmək bazarı göstəriciləri güclü qalmaqda davam etsə də, müəyyən zəifləmə əlamətləri müşahidə olunur. Qiymət artımlarını ciddi problem hesab edənlərin sayı azalsa da, inflyasiya amerikalılar üçün əsas maliyyə qayğısı olaraq qalır.

Hesabatda ABŞ yetkin əhalisinin 73 faizinin maliyyə vəziyyətini “yaxşı” və ya “rahat” qiymətləndirdiyi bildirilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyişməyib, lakin 2021-ci ildə qeydə alınan 78 faizlik pik səviyyədən aşağıdır.

Bununla yanaşı, 400 dollarlıq gözlənilməz xərci nağd vəsait və ya oxşar mənbələrlə qarşılaya biləcəyini deyənlərin payı dəyişməyərək 63 faiz təşkil edib.

Sənəddə həmçinin iş tapmaq və mövcud işi qorumaqla bağlı narahatlıqların ötən illə müqayisədə artdığı vurğulanıb. İşdən çıxarmalarda məhdud artım müşahidə olunduğu, könüllü şəkildə işdən ayrılmaların və iş yerini dəyişənlərin sayının isə azaldığı qeyd edilib.

Fed hesabatında süni intellekt texnologiyalarının iş mühitində istifadəsinə də toxunulub. Bildirilib ki, çalışanların təxminən dörddə biri generativ süni intellektdən istifadə edir və istifadəçilərin əksəriyyəti bu texnologiyanın karyeralarına mənfi deyil, müsbət təsir göstərəcəyini düşünür.

MONETAR.AZ