Türkiyə Mərkəzi Bankından radikal qərar: inflyasiya proqnozları alt-üst oldu

Türkiyə Mərkəzi Bankından radikal qərar: inflyasiya proqnozları

Yaxın Şərqdə, xüsusilə İran ətrafında gedən hərbi münaqişə Türkiyənin iqtisadi proqnozlarını kökündən dəyişməyə məcbur edib. Bloomberg-in verdiyi məlumata görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) makroiqtisadi qeyri-müəyyənliyin pik həddə çatması səbəbindən həm rəqəmləri yeniləyib, həm də illərdir istifadə olunan hesabat metodologiyasından müvəqqəti imtina edib.

Mərkəzi Bankın rəhbəri Fatih Karahan 2026-cı il üçün gözləntilərin ciddi şəkildə pisləşdiyini açıqlayıb. Müharibənin yaratdığı enerji və loqistika böhranı inflyasiya zəncirini qırıb. Əvvəlki 16%-lik baza proqnozu 24%-ə qaldırılıb. Karahan etiraf edib ki, bank əslində inflyasiyanın ilin sonunda 26% ətrafında sabitləşəcəyini ehtimal edir. Əvvəllər 19% proqnozlaşdırılan bu göstərici indi 26,3% səviyyəsində gözlənilir.

Türkiyə Mərkəzi Bankı şəffaflıq və planlaşdırma aləti olan "proqnoz dəhlizi"nin (inflyasiyanın alt və üst hədlərini göstərən diapazon) dərcini dayandırıb. Buna səbəb ABŞ, İsrail və İran arasındakı münaqişənin miqyası, Hörmüz boğazındakı blokada və enerji qiymətlərindəki proqnozlaşdırıla bilməyən sıçrayışlar istənilən statistik diapazonu mənasız etməsidir.

Aprel ayının rəsmi statistikası vəziyyətin nə dərəcədə gərgin olduğunu sübut edir. Faktiki inflyasiya apreldə illik inflyasiya 32,4% təşkil edib. Bu rəqəm Bloomberg-in iqtisadçıları arasında apardığı sorğunun median nəticəsindən 1% bəndi daha yüksəkdir.

Enerji idxalından tam asılı olan Türkiyə üçün neft qiymətlərinin hazırkı səviyyəsi (106$+) və Yaxın Şərqdəki gərginlik "inflyasiya idxalı" deməkdir. Mərkəzi Bankın rəhbəri dolayısı ilə mesaj verir ki, yaxın aylarda sərt pul-kredit siyasəti və bəlkə də əlavə faiz artımları qaçılmaz ola bilər.

Buna baxmayaraq, rəsmi uçot dərəcəsinin (37%) mövcud inflyasiya səviyyəsindən (32,4%) yuxarı olması müəyyən "təhlükəsizlik marjası" yaratsa da, geosiyasi risklərin davam etməsi lirəyə olan təzyiqi artırır.

MONETAR.AZ