Qeyri-vergi gəlirləri 2030-cu ilədək 2,75 milyard manat azalacaq

Qeyri-vergi gəlirləri 2030-cu ilədək

Dövlət büdcəsinin qeyri-vergi gəlirlərinin növbəti illərdə azalacağı proqnozlaşdırılır. Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, qeyri-vergi gəlirlərinin 2026-cı ildəki 17 milyard 218 milyon manatdan 2030-cu ildə 14 milyard 467 milyon manata enəcəyi gözlənilir.

Büdcə proqnozlarına əsasən, qeyri-vergi gəlirləri 2027-ci ildə 16 milyard 765 milyon manat, 2028-ci ildə 16 milyard 112 milyon manat, 2029-cu ildə isə 15 milyard 348,9 milyon manat təşkil edəcək.

Beləliklə, 2026–2030-cu illərdə qeyri-vergi gəlirlərinin 2 milyard 751 milyon manat və ya təxminən 16% azalması nəzərdə tutulur.

Azalmanın əsas səbəblərindən biri Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin aşağı düşməsidir. Bu mənbə üzrə daxilolmaların 2026-cı ildəki 12 milyard 835 milyon manatdan 2030-cu ildə 9 milyard 350 milyon manata enəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, gömrük rüsumlarından daxilolmaların artacağı gözlənilir. Dövlət Gömrük Komitəsi üzrə bu göstəricinin 2026-cı ildə 1 milyard 818 milyon manat, 2030-cu ildə isə 2 milyard 10 milyon manat olacağı proqnozlaşdırılır.

Dövlət Vergi Xidməti xətti ilə dövlət rüsumlarından daxilolmaların da 362 milyon manatdan 490 milyon manata yüksələcəyi gözlənilir.

Digər tərəfdən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 2026-cı ildəki 1 milyard 21 milyon manatdan 2030-cu ildə 795 milyon manata düşəcəyi proqnozlaşdırılır.

Beləliklə, büdcə proqnozları vergi gəlirlərinin artması ilə yanaşı, Dövlət Neft Fondundan transfertlərin azalması fonunda qeyri-vergi gəlirlərinin də aşağı düşəcəyini göstərir.