55 ildən sonra dünyada əhali azalmağa başlayacaq

2025-ci ildə dünya əhalisi təxminən 8,2 milyard nəfərə çatıb. Proqnozlara əsasən, bu rəqəm 2080-ci illərdə 10,3 milyarda qədər artacaq və daha sonra azalma müşahidə olunacaq. Əhali artımının əsas səbəbləri arasında səhiyyə xidmətlərinin yaxşılaşması, sanitariya və gigiyenik şəraitin inkişafı, körpə və uşaq ölüm hallarının azalması, eləcə də insanların orta ömür uzunluğunun artması yer alır.
Asiya dünyada ən çox əhalinin yaşadığı qitədir. Dünyanın əhali baxımından ən böyük 20 ölkəsindən 11-i bu qitədə yerləşir. Asiya əhalisinin sayı Afrikadakı əhalidən 4 dəfə çoxdur.
Son 2 əsrdə baş verən əhali artımı “demoqrafik keçid” adlanan bir proseslə izah olunur. Bu keçid bir neçə mərhələdən ibarətdir. Əvvəlcə ölüm səviyyəsi azalır, lakin doğum səviyyəsi hələ yüksək olaraq qalır. Bu mərhələdə əhali sürətlə artır. Daha sonra doğum səviyyəsi də azalır və əhali artımı tədricən sabitləşir. İnkişaf etmiş ölkələrdə bu proses əsasən 1800-cü illərdə sənayeləşmə ilə başlamış və hazırda doğumla ölüm arasında balans yaranaraq əhali artımı dayanmışdır. İnkişaf etməkdə olan ölkələr isə bu keçidin müxtəlif mərhələlərindədir.
Məsələn, Çin artıq bu keçidin son mərhələsindədir və əhalisi azalmağa başlayıb. Hindistan isə hələ də artım mərhələsindədir və bu səbəbdən onun əhalisi Çini geridə qoyub. Ən az inkişaf etmiş region olan Afrikada isə bəzi ölkələrdə doğum səviyyəsi hələ də sənayeöncəsi dövrlərə bənzəyir. Bu ölkələr də zamanla keçid prosesi yaşayacaq və əhalilərində əhəmiyyətli artım olacaq.
Bu dəyişikliklər təkcə əhali sayına deyil, həm də dünya üzrə iqtisadi, sosial və siyasi tarazlıqlara ciddi təsir göstərəcək.
MONETAR.AZ