2 iyun – Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

2 iyun – Mülki Aviasiya İşçilərinin

Azərbaycanda hər il iyunun 2-si Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən təsis edilib.

Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın əsasını qoyan ilk aviasiya qrupu yaradılıb. Sonrakı illərdə Bakıdan Moskva, Tbilisi, Xarkov və Həştərxan istiqamətlərində hava xətləri açılıb, sərnişin və poçt daşımalarının inkişafına başlanılıb.

İkinci Dünya  müharibəsi illərində mülki aviasiya cəbhənin ehtiyaclarına xidmət edib. Müharibədən sonrakı dövrdə isə aviasiya parkı yeni təyyarə və vertolyotlarla zənginləşdirilərək sahənin inkişafı sürətlənib.

1970-1980-ci illərdə ölkədaxili hava nəqliyyatı genişlənib, Gəncə, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa, Şəki və digər şəhərlərdə aeroportlar tikilərək Bakı ilə hava əlaqələri yaradılıb.

Müstəqilliyin ilk illərində yaranmış çətinliklər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Onun təşəbbüsü ilə mülki aviasiya sahəsinə böyük investisiyalar yönəldilib, müasir hava gəmiləri və avadanlıqlar alınaraq istismara verilib.

1999-cu ildə Bakıda müasir beynəlxalq aerovağzal kompleksi istifadəyə verilib. Sonrakı illərdə Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən qabaqcıl hava limanlarından birinə çevrilib və beynəlxalq mükafatlara layiq görülüb.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin aviasiya infrastrukturu daha da inkişaf etdirilir. Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran və Qəbələ hava limanları yenidən qurulub, işğaldan azad edilmiş ərazilərdə isə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib.

MONETAR.AZ