Bu gündən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq

Bu gündən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu

Bu gündən etibarən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan istifadə ödənişli əsaslarla həyata keçiriləcək.

Tarif (Qiymət) Şurasının qərarına əsasən, işğaldan azad olunmuş ərazilərdə inşa edilən və alternativ magistral kimi fəaliyyət göstərəcək yol üzrə gediş haqları təsdiqlənib.

Qərara görə, minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük maşınları üçün ödəniş hər kilometrə 8,6 qəpik, yolun tam hissəsi üzrə isə 6,99 manat təşkil edəcək.

Kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və digər maşın-mexanizmlər üçün ödəniş hər kilometrə 10,6 qəpik, bütün marşrut üzrə isə təxminən 8,62 manat müəyyən olunub.

Avtobuslar üçün tarif hər kilometrə 7,1 qəpik, tam marşrut üzrə 5,77 manat, qoşqulu və yarımqoşqulu, həmçinin 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün isə 14,39 manat müəyyən edilib.

Motosikletlərin də ödənişli yoldan istifadəsi üçün tarif tətbiq olunacaq. Bu kateqoriya üzrə ödəniş hər kilometrə 4,65 qəpik təşkil edəcək.

Qeyd edək ki, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu mövcud marşrutla müqayisədə 19,7 kilometr daha qısadır. Yolda yüksək sürət həddi tətbiq olunduğundan sürücülər həm vaxta, həm də yanacaq sərfiyyatına qənaət edə biləcəklər.

Tarif Şurasının məlumatına görə, ödənişli yollardan əldə edilən vəsait avtomobil yollarının saxlanılması, təmiri, yenidən qurulması və yeni yol layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

MONETAR.AZ