Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra yenidən istifadəyə verilməsi münasibətilə tədbir keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə BTQ layihəsinin modernləşdirilməsinin başa çatmasını təsdiqləyən yekun sənəd imzalanıb.
Modernləşdirmə işləri çərçivəsində Gürcüstan ərazisindən keçən 184 kilometrlik dəmir yolu hissəsi yenidən qurulub. Layihə üzrə 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və müxtəlif mühəndis qurğuları yenilənib. Həmçinin 30,3 kilometr yeni dəmir yolu xətti çəkilib, 153,1 kilometrlik mövcud xətt əsaslı təmir olunub.
Həyata keçirilən yenidənqurma nəticəsində Bakı–Tbilisi–Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib.
Mütəxəssislər hesab edirlər ki, layihənin tamamlanması Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq, regionun tranzit imkanlarını genişləndirəcək və Azərbaycanın Avrasiya nəqliyyat-logistika sistemində mövqeyini daha da gücləndirəcək.
MONETAR.AZ