2026-cı ilin 5 lüks idman avtomobili

2026-cı ilin 5 lüks

Consumer Reports jurnalının araşdırmasına əsasən, 2026-cı ilin ən yaxşı lüks idman avtomobillərinin reytinqi açıqlanıb. Siyahı avtomobillərin etibarlılığı, idarəetməsi, sürətlənməsi və ümumi sürücülük təcrübəsi nəzərə alınaraq hazırlanıb.

1-ci yer – Chevrolet Corvette

Reytinqin lideri Chevrolet Corvette olub. Qiyməti 70 min dollardan başlayaraq 228 min dollara qədər yüksələn model sürətlənmə, idarəetmə, əyləc sistemi və yığım keyfiyyəti baxımından rəqiblərini qabaqlayıb. Ekspertlər bəzi görünüş və komfort çatışmazlıqlarına baxmayaraq, onu bazarın ən uğurlu idman avtomobillərindən biri hesab edirlər.

2-ci yer – Toyota Supra

İkinci yeri Toyota Supra tutub. Avtomobil dinamik idarəetməsi, müasir təhlükəsizlik sistemləri və cəlbedici dizaynı ilə seçilir. Qiyməti 58 min dollardan başlayır.

3-cü yer – Porsche 718 Boxster

Üçüncü pillədə Porsche 718 Boxster qərarlaşıb. Model yüksək performansı, güclü mühərriki və premium salonu ilə diqqət çəkir. Bununla yanaşı, yüksək qiyməti onun əsas çatışmazlığı hesab olunur.

4-cü yer – BMW Z4

BMW Z4 reytinqdə dördüncü olub. Ekspertlər avtomobilin idarəetmə qabiliyyətini, sürətlənməsini və komfort səviyyəsini yüksək qiymətləndiriblər. Qiyməti 56 min dollardan başlayır.

5-ci yer – Nissan Z

İlk beşliyi Nissan Z tamamlayır. Model güclü mühərriki, dəqiq idarəetməsi və münasib qiyməti ilə seçilir. Avtomobilin başlanğıc qiyməti 42 970 dollardır ki, bu da reytinqdəki ən aşağı göstəricidir.

Ekspertlərin fikrincə, siyahıda yer alan bütün modellər performans, idarəetmə və etibarlılıq baxımından 2026-cı ilin ən uğurlu lüks idman avtomobilləri hesab olunur.

 MONETAR.AZ