ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Hörmüz boğazında tətbiq olunan abluka ilə bağlı açıqlama yayıb.
Qurumun məlumatına görə, son 72 saat ərzində 14 gəmi ABŞ qüvvələrinin göstərişlərinə uyğun olaraq İran limanlarına və ya sahil ərazilərinə geri dönüb.
Bildirilib ki, aprelin 13-dən etibarən davam edən proses çərçivəsində ABŞ hərbi qüvvələri İran limanlarına daxil olmağa və ya həmin limanlardan çıxmağa cəhd edən gəmilərə nəzarəti gücləndirib.
Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri əməliyyat zamanı “diqqətli, hazırlıqlı və yüksək motivasiyalı” şəkildə fəaliyyət göstərir.
Məlumata əsasən, ablukaya əməl olunmasına nəzarət məqsədilə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər tərəfindən bölgədəki ticarət gəmilərinə xəbərdarlıq mesajları ötürülür. Bu mesajlarda İran limanlarına gedən və ya oradan çıxan gəmilərin yoxlanılacağı, tələblərə əməl edilməyəcəyi təqdirdə isə güc tətbiq oluna biləcəyi vurğulanır.
Qeyd edək ki, İran limanları istiqamətində hərəkət edən gəmilərlə bağlı nəzarət tədbirləri davam etdirilir.
MONETAR.AZ