Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi intensiv yağıntıların bir sıra fəsadlara səbəb olduğu Bibiheybət yolunda bərpa işlərini başa çatdırıb.
Qurumdan bildirilib ki, ərazidə eyni zamanda mümkün əlavə risklərin qarşısını almaq məqsədilə profilaktik və təhlükəsizlik tədbirləri də həyata keçirilib.
Yolun dayanıqlılığının bərpası və hərəkət təhlükəsizliyinin təmin olunması üçün genişmiqyaslı bərpa işləri aparılıb. Tikinti norma və qaydalarına uyğun olaraq yeni torpaq qatı və yolun əsası qurulub, bundan sonra həmin hissədə tələb olunan qalınlıqda yeni asfalt örtüyü salınıb. Bundan əlavə, səth sularının effektiv kənarlaşdırılması üçün xüsusi drenaj işləri görülüb.
İşlər xüsusi texnikanın cəlb edilməsi ilə qısa müddətdə icra olunub və bundan sonra sözügedən hissədə nəqliyyatın hərəkəti bərpa edilib.
Beləliklə, yol sahəsi yenidən təhlükəsiz hərəkət üçün istifadəyə verilib.