Hindistanın neft xərcləri kəskin arta bilər

Hindistanın neft xərcləri

Hindistanın neft idxalına çəkdiyi xərclər cari ildə təxminən 70 milyard dollar arta bilər. Bu barədə The Economic Times nəşri məlumat yayıb.

Proqnoz Prabhudas Lilladher broker şirkətinin analitiklərinə istinadən verilib. Bildirilir ki, Yaxın Şərqdə davam edən gərginlik qlobal enerji qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olur.

Ekspertlərin hesablamalarına görə, Hindistan gündəlik təxminən 4,3 milyon barrel neft idxal edir və illik xərclər 180 milyard dollar təşkil edir. Mövcud qiymət artımı bu məbləğin əlavə olaraq 70 milyard dollar yüksəlməsi ilə nəticələnə bilər.

Analitiklər qeyd edirlər ki, qiymətlərin sabitləşməsində əsas amillərdən biri Hörmüz boğazından keçən marşrutların təhlükəsizliyidir. ABŞ və İran arasında mümkün yeni eskalasiya tədarükün azalmasına və qiymətlərin daha da artmasına səbəb ola bilər.

Eyni zamanda vurğulanır ki, hətta siyasi gərginlik azalsa belə, uzunmüddətli perspektivdə daşınma, sığorta və tanker çatışmazlığı ilə bağlı xərclər yüksək olaraq qalacaq.

Mütəxəssislərin fikrincə, yaxın aylarda yüksək neft qiymətləri Hindistanda inflyasiyaya, tələbat və istehsala mənfi təsir göstərəcək. Bu səbəbdən ölkənin enerji mənbələrini şaxələndirəcəyi, o cümlədən ABŞ, Rusiya, Norveç və Avstraliyadan idxalı artıracağı gözlənilir.

Qeyd edək ki, regionda gərginlik fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra kəskin artıb. Qarşıdurma fonunda Tehran Hörmüz boğazında bəzi gəmilərin hərəkətini məhdudlaşdırıb və bu da qlobal enerji bazarına ciddi təsir göstərməkdədir.

MONETAR.AZ