Rusiyanın “Portovaya” adlı, ABŞ sanksiyaları altında olan mayeləşdirilmiş təbii qaz (LNG) zavodundan göndərilən ilk yükün Hindistana doğru yola çıxdığı LSEG gəmiçilik məlumatlarına əsasən bildirilir. Bu barədə Reuters xəbər verib.
Əgər yük təyinat nöqtəsinə çatarsa, bu, ötən ildən bəri ilk belə tədarük olacaq. Daha əvvəl ABŞ prezidenti Donald Tramp Narendra Modinin Hindistanın Rusiya enerji resurslarını almağı dayandıracağına dair söz verdiyini iddia etmişdi.
Lakin Hindistan bu iddiaları rəsmi şəkildə təsdiqləməyib və enerji idxalında əsas meyarların qiymət, təchizat təhlükəsizliyi və istehlakçı maraqları olduğunu bildirib.
İndiyədək Rusiya sanksiya altında olan LNG-ni əsasən Çinin Beihai limanına göndərirdi.
Ekspertlərin fikrincə, Hindistanın bu tədarükləri qəbul etməsi Rusiya üçün yeni satış bazarı yaradır və Avropa İttifaqının 2027-ci ildən etibarən Rusiya LNG-sinə qadağa qoyması fonunda Moskvanın ixrac yönünü dəyişmək strategiyasını gücləndirir.