Beynəlxalq Enerji Agentliyi rəhbəri Fatih Birol bugün Associated Press agentliyinə verdiyi müsahibədə bildirib ki, Yaxın Şərqdə davam edən böhran səbəbilə Avropanın aviasiya yanacağı ehtiyatları cəmi 6 həftəlik dövr üçün kifayət edə bilər. Məlumatı CNBC yayıb.
Birol xəbərdarlıq edib ki, Hörmüz boğazı üzərində mümkün blokada “tarixdə ən böyük enerji böhranına” səbəb ola bilər. Onun sözlərinə görə, bu vəziyyət qlobal iqtisadiyyata ciddi zərbə vuracaq və inflyasiyanı sürətləndirəcək.
O qeyd edib ki, aprel ayında neft itkiləri martla müqayisədə iki dəfə yüksək ola bilər və bu da bir çox ölkələri, xüsusilə inkişaf etməkdə olan dövlətləri enerji istehlakını normalaşdırmağa məcbur edə bilər.
Analitiklər də bu riskləri bölüşürlər. Claudio Galimberti bildirib ki, hazırda aviaşirkətlərin taleyi birbaşa Hörmüz boğazından keçən neft həcmlərindən asılıdır. Rico Luman isə Yaxın Şərqdən gələn təchizatın azaldığını və Avropanın təcili alternativ mənbələr tapmalı olduğunu deyib.
Böhran artıq Avropa aviasiya sektoruna təsir göstərir. Bu sektor Avropa iqtisadiyyatına ildə təxminən 1 trilyon dollar töhfə verir və 14 milyon iş yeri yaradır.
EasyJet şirkəti bronlamalarda 2% azalma və yalnız mart ayında yanacaq xərclərində 34 milyon dollar artım olduğunu açıqlayıb. Şirkət yay mövsümü üçün yanacaq ehtiyacının 70%-ni hedcinqlə qoruyub.
Avropa hava limanları assosiasiyası isə xəbərdarlıq edir ki, yay turizm mövsümünün pozulması Avropa İttifaqında turizm gəlirlərindən asılı olan ölkələr üçün ciddi iqtisadi nəticələr yarada bilər.
MONETAR.AZ