Bu gün Türkiyədə dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan 5-ci Antalya Diplomatiya Forumu keçiriləcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, forumda 150-dən çox ölkədən 500-dən artıq yüksəksəviyyəli rəsmi şəxsin iştirakı gözlənilir.
Bildirilib ki, ADF-2026 çərçivəsində 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39 xarici işlər naziri də daxil olmaqla 50-dən çox nazir, həmçinin 79 beynəlxalq təşkilat nümayəndəsi iştirak edəcək.
İştirakçıların coğrafiyası da genişdir. Dövlət başçılarının təxminən yarısı Avropa və Afrika ölkələrini təmsil edir. Xarici işlər nazirləri səviyyəsində iştirakçıların 36 faizi Avropadan, 30 faizi Asiyadan, 28 faizi isə Afrikadandır.
Forumda akademiklər və tələbələr də daxil olmaqla ümumilikdə 5000-ə yaxın iştirakçının qatılması gözlənilir. Tədbiri işıqlandırmaq üçün isə 1100-dən çox yerli və beynəlxalq media nümayəndəsi akkreditasiya olunub.
Tədbir Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə aprelin 17-18-də “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda keçiriləcək.
Qeyd edək ki, İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda iştirak etmək məqsədilə aprelin 16-da Türkiyəyə işgüzar səfər edib.
MONETAR.AZ