Qətərin maliyyə naziri Ali bin Əhməd Al Kuvari bugün bildirib ki, əgər Hörmüz boğazı bağlı qalarsa və ticarət məhdudiyyətləri təbii qaz, gübrə və heliumdan asılı ölkələrə təsir etməyə davam edərsə, dünya daha geniş miqyaslı iqtisadi böhranla üzləşə bilər.
O, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondunun yaz iclaslarında çıxış edərək qeyd edib ki, indiyə qədər müşahidə olunan enerji qiymət artımı “yalnız aysberqin görünən hissəsidir”.
“Tam təsir bir-iki ay ərzində hiss olunacaq,” deyə o bildirib. “Bu müharibənin nəticəsində böyük iqtisadi fəsadlar görəcəksiniz.”
Ras Laffan LNG zavodu dünya maye qaz ixracının təxminən beşdə birini təmin edir və mart ayında münaqişənin genişlənməsi zamanı ciddi zərər görüb. Bu da qlobal qaz tədarükündə kəskin azalmaya səbəb olub.
Al Kuwari bildirib ki, infrastrukturun və ixracın bərpası təxminən 5 il çəkə bilər. O həmçinin vurğulayıb ki, Qətər dünya helium tədarükünün təxminən 30%-ni təmin etdiyi üçün bu sahədə də ciddi narahatlıq var.
Onun sözlərinə görə, enerji şokunun davam etməsi bəzi ölkələrdə elektrik çatışmazlığına və gübrə qıtlığı səbəbilə ərzaq böhranına gətirib çıxara bilər.
Qeyd olunur ki, bu açıqlamalar ilk dəfə Bloomberg tərəfindən yayımlanıb.