Elektrikli avtomobillərin batareya texnologiyasında mühüm dəyişiklik gözlənilir

Elektrikli avtomobillərin batareya texnologiyasında

Elektrikli nəqliyyat vasitələrinin (EV) batareya texnologiyasında mühüm dəyişiklik gözlənilir.

Proqnozlara əsasən, silisium əsaslı anodların litium-ion batareyalardakı payı 2035-ci ilədək təxminən 20 faizə çata bilər.

Məlumata görə, hazırda EV batareyalarının əsasını qrafit təşkil edir. Lakin son illərdə silisiumun daha yüksək enerji saxlama qabiliyyəti səbəbindən bu sahədə alternativ material kimi sürətlə önə çıxması müşahidə olunur.

Ekspertlər bildirirlər ki, silisium qrafitlə müqayisədə təxminən 10 dəfə daha çox litium saxlaya bilir. Bu isə eyni ölçülü batareyalarda daha uzun məsafə qət etməyə və enerji sıxlığının artmasına imkan yaradır.

Proqnozlara əsasən, litium-ion batareyalarda qrafit–silisium qarışıqları 2022-ci ildə təxminən 5 faiz olduğu halda, 2035-ci ilə qədər 17,5 faizə yüksələ bilər. Tam silisium əsaslı texnologiyaların payının isə təxminən 3 faizə çatacağı gözlənilir.

Bununla yanaşı, qrafit hələ də bazarda dominant material olaraq qalacaq, lakin onun ümumi payında tədricən azalma proqnozlaşdırılır.

Mütəxəssislərin fikrincə, silisiumun istifadəsi elektrik avtomobillərinin daha uzun yürüş məsafəsinə malik olmasına, batareya ölçüsünün kiçilməsinə və ümumi xərclərin optimallaşmasına şərait yarada bilər.

Qeyd olunur ki, silisium əsaslı texnologiyaların genişlənməsi EV sənayesində növbəti onilliyin əsas texnoloji transformasiyalarından biri kimi qiymətləndirilir.

MONETAR.AZ