Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu tarix Dünya Hemofiliya Federasiyasının yaradıcısı Frenk Şnaybelin doğum günü ilə əlaqədar seçilib. Günün əsas məqsədi hemofiliya kimi irsi qan xəstəliyindən əziyyət çəkən insanların üzləşdiyi çətinliklərə ictimaiyyətin diqqətini cəlb etmək və bu sahədə məlumatlılığı artırmaqdır.
Hemofiliya qanın laxtalanma prosesinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Əlamətləri adətən erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının ilk günlərində üzə çıxır. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara spontan və ya travma nəticəsində qanaxmalar baş verir. Hətta kiçik zədələr belə həyati təhlükə yarada bilər.
Bu xəstəliyin tam müalicəsi olmasa da, çatışmayan laxtalanma faktorlarının inyeksiya yolu ilə verilməsi sayəsində xəstəliyin gedişinə effektiv nəzarət etmək mümkündür. Müasir müalicə vasitələri ilə təmin olunan xəstələr normal həyat sürə, təhsil ala və işləyə bilirlər. Lakin dərman təminatının yetərsiz olduğu hallarda, xüsusilə uşaqlar və gənclər arasında erkən əlillik riski artır.
Məlumatlara görə, dünyada 400 mindən çox hemofiliya xəstəsi var. Müalicə olunmayan hallarda orta ömür uzunluğu təxminən 30 il təşkil edir. Müasir tibbi yanaşmalar isə xəstələrin həyat keyfiyyətini artırmaqla yanaşı, ömürlərini də sağlam insanlara yaxın səviyyəyə çatdırır.
Mütəxəssislər qeyd edirlər ki, hemofiliya artıq ölüm hökmü deyil. Bununla belə, xəstəliklə mübarizədə davamlı tədbirlər və diqqət hələ də vacib olaraq qalır.
MONETAR.AZ