Dünya üzrə ərzaq yardımı əsasən böhran bölgələrinə yönəldilir

Dünya üzrə ərzaq yardımı əsasən

2026-cı ildə qlobal ərzaq təhlükəsizliyi geosiyasi gərginliklər və ticarət marşrutlarında yaranan problemlər fonunda təzyiq altında qalır. Bu şəraitdə beynəlxalq ərzaq yardımları xüsusilə həssas regionlar üçün həyati əhəmiyyət daşıyır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına əsasən, İnkişaf Yardımı Komitəsinə (DAC) daxil olan 33 ölkənin təqdim etdiyi ərzaq yardımları əsasən məhdud sayda böhran bölgələrinə istiqamətlənir.

Ən böyük pay Sub-Sahara Afrikasına düşür. Bu region son beş il ərzində (2019-2023) təxminən 4,4 milyard dollar həcmində yardım alıb. Yardımların əhəmiyyətli hissəsi Efiopiya, Konqo Demokratik Respublikası, Sudan və Cənubi Sudan kimi ölkələrə yönəldilib. Bu ölkələrdə münaqişələr, iqlim dəyişiklikləri və iqtisadi qeyri-sabitlik ərzaq çatışmazlığını daha da dərinləşdirir.

Yaxın Şərq və Şimali Afrika regionu ikinci yerdə qərarlaşıb. Bu bölgəyə sözügedən dövrdə təxminən 963 milyon dollar yardım ayrılıb. Yardımın böyük hissəsi Yəmənə yönəldilib. Regionda davam edən münaqişələr və humanitar böhranlar ərzaq təhlükəsizliyi problemini aktuallığını qoruyur.

Digər regionlarda isə yardım həcmi xeyli aşağıdır. Cənubi və Mərkəzi Asiya ölkələri təxminən 516 milyon dollar yardım alıb ki, bunun da üçdə bir hissəsi Əfqanıstana düşür. Amerika qitəsində bu göstərici 308 milyon dollar, Şərqi Asiyada isə 151 milyon dollar təşkil edib. Bundan əlavə, təxminən 449 milyon dollar məbləğində yardım konkret region göstərilmədən inkişaf etməkdə olan ölkələrə ayrılıb.

MONETAR.AZ