Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı il 19–25 aprel tarixlərində Azərbaycanın şəhər və rayonlarında “İmmunlaşdırma Həftəsi” təşkil olunacaq. Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Sənədə əsasən, ölkə üzrə peyvənd olunmamış və ya müxtəlif səbəblərdən immunizasiya prosesindən kənarda qalan uşaqların peyvənd prosesinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, vaksinasiya səviyyəsinin aşağı olduğu bölgələrdə monitorinqlər aparılacaq, tibb müəssisələrinə metodiki dəstək göstəriləcək və əhali arasında maarifləndirmə işləri gücləndiriləcək.
“İmmunlaşdırma Həftəsi” çərçivəsində bir sıra rayonlarda tədbirlər keçiriləcək, tibb müəssisələrində isə əhali üçün müxtəlif mövzularda məlumatlandırıcı posterlər və broşürlər hazırlanacaq.
Qeyd olunur ki, 2006-cı ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa regionunda hər il “İmmunlaşdırma Həftəsi” keçirilir və Azərbaycan da bu təşəbbüsə qoşulur.