Avstraliyada yerləşən Geelong neft emalı zavodunda çərşənbə axşamı gecə baş verən güclü yanğın yanacaq istehsalına ciddi təsir göstərib.
Zavod Viva Energy Group-a məxsusdur və Viktoriya ştatının Korio bölgəsində yerləşir. Yanğın səhər saatlarınadək nəzarət altına alınsa da, müəssisənin fəaliyyəti minimum səviyyəyə endirilib.
Şirkətin baş direktoru Scott Wyatt bildirib ki, hadisə əsasən benzin istehsalı qurğusuna ziyan vurub. Nəticədə həm benzin, həm də aviasiya yanacağı istehsalında fasilələr yarana bilər.
Məlumata görə, yanğın avadanlığın nasazlığı səbəbindən baş verib.
Gündəlik 120 min barelədək neft emal etmək gücünə malik olan Geelong neft emalı zavodu Viktoriya ştatının yanacaq tələbatının təxminən 50%-ni, ümumilikdə isə Avstraliya üzrə istehlakın 10%-ni təmin edir.
Hadisə qlobal enerji bazarlarında onsuz da gərgin olan vəziyyət fonunda baş verir. ABŞ və İsrailin İran ilə münaqişəsi nəticəsində neft və qaz tədarükündə yaranan problemlər yanacaq qıtlığı ilə bağlı narahatlıqları daha da artırıb.
Hadisədən sonra Viva Energy Group-un səhmləri üzrə ticarət müvəqqəti dayandırılıb.