2026-cı ilin birinci rübündə Azərbaycanın avtomobil idxalı həm kəmiyyət, həm də dəyər baxımından nəzərəçarpacaq dərəcədə azalıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə yanvar-mart aylarında ölkəyə 339 milyon 631 min ABŞ dolları dəyərində 15 min 351 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər üzrə 15,1%, say baxımından isə 33,1% azalma deməkdir.
İdxalın strukturuna nəzər saldıqda, fərdi minik avtomobilləri seqmentində daha kəskin daralma müşahidə olunur. Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin idxalı 36,2% azalaraq 13 359 ədədə düşüb və bu əməliyyatların ümumi dəyəri 251,916 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, yük daşıyan mühərrikli nəqliyyat vasitələrinin idxalı da 12,1% azalaraq 1 564 ədədə düşüb.
Buna rəğmən, ictimai nəqliyyat və xüsusi təyinatlı texnika bazarı əhəmiyyətli artım nümayiş etdirib. Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 280 ədədə çatıb və bu avtobusların idxalı üçün 50,973 milyon dollar vəsait xərclənib. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalında da 51%-lik artım qeydə alınıb və gətirilən 148 ədəd texnikanın dəyəri 20,403 milyon dollar olub.
Ekoloji təmiz və hibrid avtomobillərin idxalında isə ümumi azalma meyilləri qorunub. Belə ki, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də təchiz edilən adi hibrid avtomobillərin idxalı 3 dəfə azalaraq 1 396 ədədə düşüb. Xarici mənbədən enerji toplama qabiliyyətinə malik olan hibrid vasitələrin (plug-in) idxalı 14,3% azalaraq 5 118 ədəd, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı isə 30,1% azalaraq 299 ədəd təşkil edib. Bu rəqəmlər göstərir ki, bazarda ümumi aktivlik aşağı düşsə də, ictimai nəqliyyat parkının yenilənməsi prioritet olaraq qalır.
MONETAR.AZ