İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi münasibətilə tədbir keçiriləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, eləcə də dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə BTQ layihəsinin modernləşdirilməsi üzrə yekun sənəd imzalanıb. Sənəd Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən imzalanan Koordinasiya Şurasının 41-ci iclasının Protokolu olub.
Protokol BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tam başa çatdırıldığını və yekun qəbulunun həyata keçirildiyini təsdiqləyir.
ADY tərəfindən 2024-cü ildə həyata keçirilən yenidənqurma işləri Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəni əhatə edib. Beş mərhələdən ibarət layihə çərçivəsində 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və müxtəlif mühəndis qurğuları yenilənib.
Layihə çərçivəsində həmçinin 30,3 kilometr yeni dəmir yolu xətti çəkilib, təkər cütlərinin dəyişdirilməsi stansiyası inşa olunub və 153,1 kilometrlik mövcud dəmir yolu xətti reabilitasiya edilib.
Modernləşdirmə nəticəsində Bakı–Tbilisi–Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu isə Orta Dəhlizin əsas seqmentlərindən biri hesab olunan BTQ xəttinin Çin və Mərkəzi Asiyadan Avropaya yük daşımalarında rolunu əhəmiyyətli dərəcədə artıracaq.
Mütəxəssislərin fikrincə, layihənin tamamlanması Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirəcək, regionun tranzit potensialını artıracaq və Azərbaycanı Avrasiya nəqliyyat-logistika zəncirində daha mühüm mövqeyə çıxaracaq.
MONETAR.AZ