Avtomobil dünyasında nadir hallarda rast gəlinən bir addımla, Yaponiya avtogigantı Toyota, yeni flaqman superkarı Toyota GR GT-nin satışı üçün qeyri-adi dərəcədə ciddi qaydalar müəyyən edib. Şirkət bu eksklüziv modeli hər istəyən milyarderə və ya kolleksionerə satmayacaq. Potensial alıcılar avtomobili sifariş etməzdən əvvəl xüsusi yoxlama və "müsahibə" mərhələsindən keçməli olacaqlar.
Gazoo Racing Sports Car proqramının direktoru Ceff Bal (Jeff Bal) verdiyi son müsahibədə bildirib ki, bu sərt satınalma strategiyasının arxasında birbaşa Toyota-nın idarə heyətinin sədri Akio Toyodanın xüsusi göstərişi dayanır.
Mərkəzi rəhbərliyin əsas məqsədləri bunlardır:
-
"Flipping" (Spekulyasiya) ilə mübarizə: Şirkət avtomobilin alındıqdan dərhal sonra qazanc məqsədilə hərraclarda yenidən baha qiymətə satılmasını qəti şəkildə qadağan etmək istəyir.
-
Real sürücülərin seçilməsi: Toyota GR GT-nin qarajlarda toz basmasını və ya sadəcə sosial media "influenserləri" tərəfindən nümayiş obyekti kimi istifadə edilməsini istəmir. Avtomobil mütləq şəkildə idman yürüşlərini sevən və onu mütəmadi idarə edəcək real həvəskarların əlinə keçməlidir.
Bu unikal avtomobil ənənəvi kütləvi bazar modellərindən tamamilə fərqli bir seqmenti təmsil etdiyi üçün onun satış coğrafiyası və müştəri xidməti də spesifik olacaq. Avtomobil adi Toyota salonlarında deyil, brendin premium qolu olan Lexus diler mərkəzlərində satılacaq. Satışlar birbaşa Gazoo Racing Garage şəbəkəsi vasitəsilə reallaşdırılacaq.
Seçilmiş müştərilərə xüsusi təlim keçmiş GR Meister adlı fərdi konsultantlar təhkim olunacaq. Onlar alıcını təkcə müsahibə və istehsal (bədən ölçülərinə görə oturacaq tənzimlənməsi və s.) mərhələsində deyil, avtomobilin istifadə edildiyi bütün illər ərzində müşayiət edəcək və "ömürlük dost" rolunu oynayacaqlar.
Modelin güc qurğusu 4,0 litrlik ikiqat turbokompressorlu V8 mühərrikdən ibarətdir. Quru karter sistemi ilə təchiz olunan mühərrikin gücü yalnız arxa təkərlərə ötürülür. Bunun üçün elektromotorla inteqrasiya edilmiş 8 pilləli avtomatik transmissiya istifadə olunur.
Texniki göstəricilərə görə, güc aqreqatının:
- 650 at gücündən çox,
- 850 Nm fırlanma anı,
- 320 km/saat maksimal sürət
təklif edəcəyi gözlənilir.
Güc qurğusunun ümumi hasilatı 650 at gücündən və 850 Nm fırlanma anından yüksəkdir. Maksimal sürəti 320 km/saat-ı ötən bu superkarın qiymətinin rəsmən açıqlanmasa da, ABŞ bazarında 225,000 – 250,000 dollar (bəzi regionlarda vergilərlə birlikdə 300,000 dollardan çox) civarında başlayacağı gözlənilir. Bu qiymət və seçim kriteriyaları onu indiyədək istehsal olunmuş ən eksklüziv yapon avtomobillərindən birinə çevirir.

MONETAR.AZ