İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin qərargahı Hörmüz boğazından təhlükəsiz keçid üçün iki marşrut sxemi yayıb.
Gəmilərə boğazın İran sahilinə daha yaxın olmaqla şimal və cənub istiqamətində iki paralel yol üzrə hərəkət etmək, həmçinin boğazın ən dar hissəsində yerləşən geniş ərazidən yan keçmək tövsiyə olunur. Sxemdə təhlükəli zonanın koordinatları da göstərilir.
Dərc olunan xəritə həmin ərazilərdə potensial minalanma ehtimalını gündəmə gətirir. Digər tərəfdən, bu addımın İran tərəfindən dəniz nəqliyyatını öz sahillərinə yaxınlaşdıraraq onun üzərində nəzarəti gücləndirmək məqsədi daşıdığı da ehtimal olunur.
Eyni zamanda, ABŞ və İsraillə əldə olunmuş və uğursuzluğa düçar olmuş atəşkəsdən sonra boğazda gəmi hərəkəti yenidən dayanıb.
Rəsmi Tehran boğazın minalanmasını təsdiqləməyib, lakin İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yayılan təbliğat xarakterli videolardan birində qayalıqlarda yerləşən və dəniz minaları ilə dolu tunellər göstərilib. Müşahidəçilər bu görüntüləri dəniz nəqliyyatına nəzarətin mümkün üsullarından biri kimi qiymətləndiriblər.
MONETAR.AZ