“Nizami” metro stansiyasında ikinci çıxış olacaq

“Nizami” metro stansiyasında

Bakı Metropoliteni tərəfindən Nizami metro stansiyasıda eskalatorların dəyişdirilməsi planlaşdırılır. Bu barədə layihələrin idarə olunması üzrə departamentin rəhbəri Məmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, eskalatorlara xidmət edən struktur bölmə onların istismar müddətini əvvəlcədən hesablayır və həmin müddətin başa çatması nəzərə alınaraq təmir işləri planlaşdırılır.

Təmir dövründə stansiyanın girişinin sərnişinlər üçün bağlanacağı qeyd olunub. Bu müddət ərzində qatarlar stansiyada dayanmadan hərəkət edəcək.

Rzayevin bildirdiyinə görə, gələcəkdə “Nizami” stansiyası üçün əlavə çıxış da nəzərdə tutulur. Planlara əsasən, B5 metro stansiyasınin tikintisi başa çatdıqdan sonra (təxminən 2030-cu ilədək) həmin stansiya ilə “Nizami” arasında birbaşa keçid və yeni çıxış yaradılacaq.

B5 stansiyasının Mərkəzi Park altında yerləşəcəyi və iki stansiyanın eyni ərazidə yaxın yerləşdiyi bildirilir. Bu səbəbdən, eskalatorların yenilənməsi zamanı gələcəkdə sərnişin axınının rahat təşkili və Mərkəzi Parka çıxışın təmin edilməsi kimi texniki məsələlər də nəzərə alınır.