Aqrar sektorda "kabus" heyvanlar: ölmüş mal-qaraya dövlət dəstəyi

Aqrar sektorda "kabus" heyvanlar:

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) apardığı audit yoxlamaları dövlət vəsaitlərinin idarə olunmasında ciddi boşluqların və nəzarət mexanizmlərinin zəifliyinin mövcud olduğunu göstərib.

2021–2023-cü illəri əhatə edən səmərəlilik auditi zamanı damazlıq heyvandarlığın inkişafı məqsədilə ayrılmış vəsaitlərin istifadəsində bir sıra ciddi nöqsanlar müəyyən edilib.

Audit materiallarına əsasən, sənədlərdə mövcud göstərilən 4456 baş iribuynuzlu heyvanın faktiki olaraq təsərrüfatlarda mövcud olmadığı aşkar olunub. Mövcud olmayan bu heyvanlara görə dövlət büdcəsindən ümumilikdə 5,1 milyon manat güzəştli maliyyə vəsaiti ayrıldığı bildirilib.

Bununla yanaşı, audit zamanı 8 baş heyvanın öldüyü tarixdən sonra belə onlara dövlət dəstəyinin ayrıldığı müəyyən edilib. Hesabatda bu faktın nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərdiyi qeyd olunur.

Sənəddə daha bir ciddi nöqsan kimi damazlıq heyvanların idxal dəyəri ilə fermerlərə satış qiyməti arasında yaranmış şübhəli fərqlər göstərilib. Belə ki, qiymət manipulyasiyaları nəticəsində təxminən 10,2 milyon manat məbləğində əsassız maliyyə fərqinin formalaşdığı vurğulanır.

Hesablama Palatası bildirir ki, aşkarlanmış halların əsas səbəbləri sırasında yerlərdə real monitorinqin aparılmaması, məlumat bazalarının bir-biri ilə inteqrasiya olunmaması, eləcə də dövlət vəsaitlərinin ayrılmasından sonra nəzarətin zəif təşkili dayanır. Xüsusilə heyvanların tələf olması ilə bağlı məlumatların müvafiq qurumlarda mövcud olmasına baxmayaraq, AKİA tərəfindən bu məlumatlardan istifadə edilmədiyi qeyd edilir.

Audit hesabatında ödənilmiş vəsaitlərin büdcəyə bərpası üçün müvafiq tədbirlərin görülməsi, məsul şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsi və damazlıq heyvandarlıq üzrə maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə olunub. Eyni zamanda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən heyvanların identifikasiyası və real vaxt rejimində monitorinqin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunan nöqsanlar üzrə qəbul edilmiş audit qərarlarının icrası və 5,1 milyon manat məbləğində vəsaitin büdcəyə qaytarılması məsələsi hazırda izlənilmə mərhələsindədir. 

MONETAR.AZ