37 milyard manatlıq bazarın 48 faizi bir şirkətin əlində

37 milyard manatlıq bazarın 48 faizi

Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-may ayları üzrə investisiya şirkətlərinin dövriyyə renkinqini açıqlayıb. Siyahıdan görünür ki, yerli kapital bazarlarında "böyük üçlük" və xüsusilə dövlət bankının investisiya qolu olan "ABB İnvest" mütləq dominantlığını qoruyur, hətta daha da gücləndirir.

5 aylıq yekunlara görə investisiya şirkətlərinin cəmi dövriyyəsi 36.9 milyard manatı ötüb. Bu həcmin 48.3%-i, yəni 17.8 milyard manatdan çoxu birbaşa "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin payına düşüb. Layihələrin maliyyələşdirilməsi və institusional əməliyyatlarda aktiv olan şirkət, ən yaxın təqibçisi və bazarın ənənəvi liderlərindən olan "PAŞA Kapital"ı (6.1 milyard AZN / bazar payı: 16.5%) təxminən 3 dəfə qabaqlayır.

Renkinqin yuxarı pillələrində qərarlaşan 4 şirkət – "ABB İnvest", "PAŞA Kapital", "CPM-İnvest" (4.1 milyard AZN) və "Unicapital" (3.6 milyard AZN) birjada baş tutan əməliyyatların 85.5%-nə hökmranlıq edir. Bu rəqəmlər Azərbaycan qiymətli kağızlar bazarında rəqabətin kəskin konsentrasiya olunduğunu və müştəri portfelinin böyük ölçüdə holdinqlərə bağlı brokerlərin əlində cəmləşdiyini təsdiqləyir.

Bazarın digər qütbündə isə kəskin daxili reqresiya meylləri görünür. Renkinqin son 5 pilləsində qərarlaşan investisiya şirkətlərinin və bankın cəmi payı cəmi 0.42% təşkil edir. Məsələn, "Xalq Bank" ASC cəmi 8.4 milyon manatlıq, "CFI Financial" isə 20.2 milyon manatlıq dövriyyə ilə ayı orta hesabla cəmi bir neçə milyonluq əməliyyatla bağlaya biliblər.

Törəmə dövlət qiymətli kağızları və REPO bazarındakı əməliyyatların irihəcmli xarakteri reytinqdəki bu qütbləşməni daha da dərinləşdirir. Kiçik brokerlərin pərakəndə investor seqmentinə çıxışı sürətlənməzsə, yaxın aylarda renkinqin quyruğunda yer alan bəzi şirkətlərin bazarda qalma effektivliyi sual altına düşə bilər.

MONETAR.AZ