Nvidianın uzaqgörənliyi və Micronun 1 trilyon dollarlıq tarixi sıçrayışı

Nvidianın uzaqgörənliyi və Micronun 1 trilyon dollarlıq

Süni intellekt (İİ) bumu qlobal texnologiya nəhənglərinin iyerarxiyasını tamamilə yenidən yazır. Bunun ən son və ən bariz nümunəsi ABŞ-ın yeganə yerli yaddaş çipi nəhəngi olan Micron Technology-nin bazar dəyərinin rəsmi olaraq 1 trilyon dollar həddini keçərək elit klubun üzvünə çevrilməsidir. Reuters-in təhlilinə əsasən, bu tarixi uğurun memarı təkcə Micron deyil, həm də sənayenin istiqamətini dəyişən Nvidia şirkətidir.

Hər şey üç il əvvəl Nvidia-nın baş direktoru Censen Huanq və Micron-un rəhbəri Sanjay Mehrotra arasında baş tutan qapalı görüşlə başladı.

Huanq o dövrdə sənayedə çox az adamın tam dərk etdiyi bir problemi irəli sürdü: Süni intellekt modelləri (məsələn, böyük dil modelləri) böyüdükcə, məlumatın işlənmə sürəti təkcə qrafik prosessorların (GPU) gücündən asılı olmayacaq. Əsas problem məlumatın prosessora çatdırılma sürəti, yəni yaddaşın ötürmə qabiliyyəti (dar boğaz - bottleneck) olacaqdı. Bu xəbərdarlıq Micron-u öz texnoloji strategiyasını və investisiya xərclərini kökündən dəyişməyə məcbur etdi.

Uzun illər boyu yaddaş bazarı (DRAM və NAND) dəyişkən və qeyri-sabit bir sahə idi. Apple, Dell kimi müştərilər qiymət bir az düşən kimi tədarükçülərini asanlıqla dəyişirdilər. Bu səbəbdən Micron, Cənubi Koreya rəqibləri ilə müqayisədə bahalı və riskli olan HBM (High Bandwidth Memory - Yüksək Ötürmə Qabiliyyətli Yaddaş) texnologiyasına iri həcmli investisiya etməkdə tərəddüd edirdi.

Lakin Nvidia-nın İİ ekosistemini formalaşdırması hər şeyi dəyişdi:

  • Dərin İnteqrasiya: Yaddaş artıq sıravi bir detal deyil, konkret Sİ prosessorlarına (məsələn, Nvidia-nın gələcək Vera Rubin platformasına) uyğunlaşdırılmış xüsusi komponentə çevrildi.

  • Tarixi Müqavilə: Cari ilin mart ayında Micron sənaye üçün görünməmiş bir addım ataraq ilk 5 illik tədarük müqaviləsini imzaladığını elan etdi. Analitiklər bu uzunmüddətli və yüksək mənfəətli müqavilənin arxasında birbaşa Nvidia-nın dayandığını bildirirlər.

Nvidia ilə qurulan bu strateji tərəfdaşlıq Micron-un maliyyə göstəricilərində kəskin və müsbət dönüş yaratdı.

Micron-un bu rekordundan cəmi bir gün sonra Cənubi Koreyanın SK Hynix şirkəti də 1 trilyonluq kluba daxil olub. Micron-un proqnozlarına görə, İİ-nin qidalandırdığı qlobal HBM bazarı 2028-ci ilə qədər 100 milyard dollara çatacaq.

Micron rəqibləri ilə müqayisədə çox mühüm bir geosiyasi kozra malikdir: O, ABŞ-da yerləşən yeganə böyük yaddaş istehsalçısıdır. Qlobal texnologiya müştəriləri tədarük zəncirini Koreyadan kənara diversifikasiya etməyə çalışdıqca və ABŞ hökuməti yerli çip istehsalını (CHIPS Act çərçivəsində) subsidiyalaşdırdıqca, Micron ön plana çıxır.

MONETAR.AZ