Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 2026-cı il ərzində keçiriləcək müxtəlif əhəmiyyətli tədbirlərin təşkili məqsədilə açıq müsabiqə elan edib.
Nazirlikdən bildirilib ki, "2026-cı il ərzində keçiriləcək müxtəlif tədbirlərin təşkili" adlı satınalma müsabiqəsinin ehtimal olunan dəyəri 112 min 973,20 manat təşkil edir. Müsabiqə üzrə təkliflərin qəbulu iyunun 29-u saat 16:00-dək davam edəcək. Zərflərin açılışı da həmin gün həyata keçiriləcək.
Satınalma çərçivəsində müxtəlif kütləvi-mədəni tədbirlər üçün səhnənin icarəsi, rəqəmsal səs mikşeri, işıq sistemi, iskələ konstruksiyaları, aktiv səsucaldıcı dinamiklər (array sistemi), LED ekranlar, səs və işıq sisteminin quraşdırılması və idarə olunması xidməti, DJ xidməti, işıqlı qeyzer avadanlıqları, konstruksiyaların xüsusi parça ilə örtülməsi, fontan aparatları, eləcə də səhnəüstü 3D dizayn layihələrinin hazırlanması nəzərdə tutulur.
Məlumata görə, xidmətlər əsasən Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər əlamətdar tarixlər münasibətilə təşkil olunacaq tədbirlər zamanı göstəriləcək. Avadanlıqların daşınması, montajı və demontajı da daxil olmaqla bütün işlərin 2026-cı ilin müxtəlif aylarında 2-3 dəfə müxtəlif məkanlarda həyata keçirilməsi, ümumilikdə isə bir neçə günlük proqramı əhatə etməsi planlaşdırılır.
MONETAR.AZ