Son 5 ildə ən çox bahalaşan ət məhsulları hansılardır?

Son 5 ildə ən çox bahalaşan

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-2025-ci illər ərzində Azərbaycanda ət və ət məhsullarının orta illik qiymətlərində ciddi artım qeydə alınıb. Xüsusilə mal və qoyun əti, eləcə də emal olunmuş ət məhsulları üzrə bahalaşma ümumi inflyasiya tempini üstələyib.

Rəsmi statistikaya görə, sümüklü mal ətinin 1 kiloqramının orta satış qiyməti 2021-ci ildə 10,57 manat olduğu halda, 2025-ci ildə 15,08 manata yüksəlib. Beləliklə, məhsul son beş ildə 42,7% bahalaşıb.

Sümüksüz mal əti isə daha yüksək qiymət artımı nümayiş etdirib. Məhsulun orta qiyməti 12,50 manatdan 18,29 manata yüksələrək 46,3% artıb.

Ən böyük bahalaşmalardan biri sümüklü qoyun ətində müşahidə olunub. 2021-ci ildə 11,92 manata satılan məhsulun orta qiyməti 2025-ci ildə 18,15 manata çatıb ki, bu da 52,3%-lik artım deməkdir.

Toyuq məhsullarında qiymət artımı nisbətən mülayim olub. Toyuq ətinin orta qiyməti 4,74 manatdan 6,11 manata yüksələrək 28,9%, toyuq budu isə 3,76 manatdan 4,77 manata qalxaraq 26,9% bahalaşıb. 2022-ci ildən statistikaya daxil edilən toyuq filesinin qiyməti isə son üç ildə 9,84 manatdan 9,22 manata enərək cüzi azalma göstərib.

Subproduktlər və emal olunmuş məhsullar da bahalaşan kateqoriyalar sırasındadır. Qaramal ciyərinin qiyməti son beş ildə 6,75 manatdan 10,46 manata yüksələrək 55%-ə yaxın artım göstərib ki, bu da siyahıda ən yüksək göstəricilərdən biridir.

Kolbasa məhsullarında da əhəmiyyətli bahalaşma qeydə alınıb. Suda bişmiş kolbasa 11,01 manatdan 15,06 manata yüksələrək 36,8%, hisə verilmiş və yarımhisə verilmiş kolbasa isə 14,25 manatdan 19,19 manata qalxaraq 34,7% bahalaşıb.

Sosiska və sardelkanın orta illik qiyməti 10,37 manatdan 14,32 manata yüksələrək 38,1%, konservləşdirilmiş mal əti isə 10,54 manatdan 13,65 manata çataraq 29,5% artıb.

Eyni dövrdə mal ətindən hazırlanmış farşın qiyməti də 10,19 manatdan 15,03 manata yüksələrək 47,5% bahalaşıb.

Ümumilikdə, rəsmi statistika göstərir ki, 2021-2025-ci illərdə Azərbaycanda ən çox bahalaşan ət məhsulları arasında qaramal ciyəri, sümüklü qoyun əti və mal ətindən farş yer alıb. Toyuq məhsullarında qiymət artımı daha aşağı templə davam etsə də, qırmızı ət bazarında son 5 ildə 40-50% intervalında bahalaşma müşahidə olunub.

MONETAR.AZ